“Yeməyi kəs, arıqla” yanaşması yanlışdır - Türkiyəli professor
"“Boğazını tut, idman et”. Yəni boğazdan kəsmək, əslində Azərbaycan dilində də belə bir ifadə kimi formalaşıb deyəsən. Yəni, “boğazını tutub idman etsən, bu piylənmədən qurtularsan” kimi. Belədirmi? Elm sahəsi bunun belə olmadığını bilir. Bu günə qədər tibb sahəsində hər hansı bir məqalə, hər hansı bir hesabat yoxdur ki, insan təkcə qida rejimi ilə özünü bu girdabın, bu bəlanın içərisindən qurtara bilsin".
Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı prof.dr. Ahmet Gökhan Türkçapar dedi.
O vurğuladı ki, bəla deyərkən daha ciddi bir anlayışa keçid edirik:
"Hansı anlayış? Bizim bunu çox yaxşı mənimsəməyimiz lazımdır. O da budur: Bizim çəki və artıq çəki ilə təbii ki, problemimiz var, amma əsas məsələ budur ki, bəzən 160-180 kilo çəkisi olanlar gəlir, amma metabolik sindromu olmur. Əsas məsələ metabolik sindrom deyilən anlayışı yaxşı anlamağımızdır. Metabolik sindrom ömür müddətini ciddi şəkildə qısaldan bir xəstəlikdir. Və bu inkişaf etdiyi zaman özü ilə birlikdə bir çox xəstəlik də eyni anda inkişaf edir. Ona görə də buna tək bir xəstəlik kimi yox, “sindrom” deyilir. İndi bu qədər çox xəstəliyi bir araya gətirən şey isə təməlində iltihabdır. Bir iltihab başlayır, bunu “piylərin partlaması” kimi görə bilərik. Bu piylər partlayanda isə immun sistemi güclü bir mübarizəyə başlayır. Bu mübarizə nəticədə insanın şəkəri istifadə edə bilməməsinə və onu əzələ daxilinə ötürə bilməməsinə səbəb olur".
NURİYYƏ