azia.az
azia.az

Seriallar qatil yetişdirir? – Psixoloq açıqlaması

7-12-2017, 17:54

Serial və filmlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu, həm də boş zamanımızı doldurmaq və daha maraqlı etmək üçün üz tutduğumuz vasitədir. Azərbaycan tamaşaçısının maraqla izlədiyi seriallar arasında Türkiyə istehsalı olan ekran işləri xüsusi yer tutur. Aylarla, bəzən illərlə davam edən serialların həyatımıza təsiri isə böyükdür. Çünki onları izləyən tamaşaçı bir müddət sonra təsir altına düşür və orada cərəyan edən hadisələr şüuraltına yerləşir.

Son zamanlar isə ölkəmizdə ən çox izlənən seriallar “Kurtlar Vadisi”, “Eşkiya dünyaya hükmdar olmaz”dır. Adı çəkilən seriallarda isə döyüş, kriminal aləm, qətl və s. kimi hadisələrin cərəyan etməsi onlara olan marağı artırır. Milyonlarla tamaşaçısı olan bu cür ekran işlərinin əsas izləyicisi isə yeniyetmə və gənclərdir. Onlar dava-döyüş səhnələrini izlədikdən sonra onun təsirinə düşürlər və bu cür hadisələrə can atırlar. Bəzən isə özlərini serial qəhrəmanlarına bənzədir, onlar kimi davranırlar.

Bəs, kriminal hadisələrin öz əksini tapdığı serialların hansı mənfi təsirləri var?

Musavat.com məsələ ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikrini öyrənib. O, bildirib ki, serialların insan həyatına böyük təsiri var: “İnsan psixologiyası, onların ətrafa baxış bucağı, dünyagörüşü fərqlidir. Biz də kriminal, Braziliya seriallarına baxmışıq. Amma təsir altına düşməmişik. İnsanların seriallardan nə götürdüyü önəmlidir. Insan hər şey izləyə bilər. Məsələ burasındadır ki, serial insanlara təsir etsə də, hər günahı serialın boynuna atmaq olmaz. Insanların çoxu yaxşı şeyləri götürür, pisləri kənara qoyur. Elə adam da var ki, yaxşını seçə bilmir, mənfini götürür. Çünki onlar mənfiyə meyl edən insanlardır. Bu dəyər sisteminə bağlıdır. Hər şey fərddən asılıdır. Elə insan var ki, mənfi hadisə gördüyü ekran işinə bir də baxmır, ondan imtina edir. Bu cür insanlar özünü düşünən, ruh sağlığına önəm verənlərdir. Amma elə adam var ki, sinir sistemini pozan ekran işlərinə baxır. Serialın insan psixologiyasına təsiri birmənalıdır. Təəssüf olsun ki, yeniyetmələr tez təsirə düşür. Onlar Polat Ələmdarı örnək götürürlər, özlərini ona oxşadırlar. Yeniyetmənin özünü sadəcə o qəhrəmana bənzətməsində fəlakət bir şey yoxdur. Amma yeniyetmə və gənclər daha dərinə gedib, kriminal həyata üz tutubsa, bu zaman həyəcan siqnalı çalmaq lazımdır. Valideynlər övladlarının izlədiyi seriallara diqqət etməlidir. Övladlarını izlədiyi ekran işini pisləmədən, anlayışlı dillə başa salmalı, həmin serialadan uzaqlaşdırmalıdırlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi