Şəmkirli iş adamını öz yerliləri öldürüb - MOSKVADA DƏHŞƏT/Video
İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ren TV məlumat yayıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.
İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.
Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.
Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.
Musavat.com-un Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxslər Şəmkir rayonundandırlar. Onların Moskvada kriminal hesablaşmalarla məşğul olduqları, azərbaycanlı iş adamlarından, bazarlarda ticarətlə məşğul olan soydaşlarımızdan zorla hesab aldıqları deyilir.
Bu qruplaşmanın başında Həsən, Bek və Cəbi adlı qardaşların dayandığı deyilir.
Moskvadakı qaynağımızın saytımıza verdiyi məlumata görə, Bek və Cəbi ağır cinayətdə ittiham olunaraq, uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Onların hazırda Rusiya həbsxanalarından birində cəza çəkdikləri deyilir. Həsənin isə azadlıqda olduğu bildirilir. Bir başqa məlumata görə isə, kriminal qruplaşmanın əsas himayəçiləri Sankt-Peterburqda meyvə biznesilə məşğul olan Şəmkirdən olan nüfuzlu və pullu şəxslərdir. Onların adları redaksiyaya məlum olsa da, etik səbəblərdən yazmırıq. Bu qətli onların sifariş verib-vermədiyi dəqiq bilinmir.
Moskvadakı qaynaqlarımızın bir başqa məlumatına görə, qruplaşma üzvləri bir müddət öncə, ötən gecə qətlə yetirdikləri Toğrulu qorxutmaq məqsədilə onun ayağına odlu silahdan atəş açıblar. O, təhdidlərə rəğmən istənilən qeyri-qanuni ödənişi verməkdən imtina edib. Ən sonda isə cinayətkarlar onu öldürmək qərarına gəliblər.
Musavat.com Toğrul Tağıyevin gülləboran edilmiş maşınının videosunu təqdim edir.
Musavat.com