Təhsil almaq üçün əsgərlikdən neçə dəfə möhlət verilir? - AÇIQLAMA
Xaricdə təhsil aldığı müddətdə Azərbaycanda qəbul imtahanlarında iştirak edərək, Azərbaycan universitetlərinə daxil olmaq mümkündür. Hazırda xaricdə təhsil alan tələbə, əgər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlardan müvəffəqiyyət göstərərsə burada, yox, əgər uğursuz nəticə əldə edərsə, o zaman xaricdəki universitetinə davam edə bilər.
Bu zaman tələbə kimə və necə müraciət etməlidir? Qızlar və oğlanlar üçün xüsusi qayda varmı?
AzEdu.az Təhsil Portalı olaraq mövzunu araşdırmaq üçün DİM-ə sorğu ünvanladıq.
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə sorğumuza cavab olaraq bildirdi ki, əgər tələbə oğlandırsa, sənəd qəbulunda iştirak etmək üçün hərbi möhlət hüquq olmalıdır:
“Qız tələbədirsə, normal qaydada sənəd qəbulunda iştirak edə bilər”.
Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov möhlət hüququ ilə bağlı sorğumuza cavabında bildirib ki, oğlan tələbələrə təhsili almaq üçün möhlət verilir. Əgər tələbə həmin hüquqdan istifadə edərək xaricdə təhsil alırsa, yenidən Azərbaycanda bakalavr təhsili almaq üçün ona möhlət hüququ verilməyəcək:
“Möhlət hüququ bir dəfə verilir. Hüquqdan istifadə edərək ya xaricdə, ya da ölkə daxilində təhsil almaq olar. Ancaq xaricdə bir neçə il təhsil alıb, daha sonra yarımçıq qoyaraq Azərbaycanda təhsil almaq istəyən tələbəyə yeni bir möhlət hüququ verilmir.
Hazırkı qanuna görə tələbə 24 yaşına qədər ali məktəbi bitirməli və həqiqi hərbi xidmətə getməlidir. Həmin yaşa qədər ali təhsilini bitirməyibsə, o zaman təhsilini yarımçıq qoyub hərbi xidmətə getməlidir”.