azia.az
azia.az

"Şuşanı şagird kimi tərk etmişdim, müəllim kimi qayıdıram"

Bu gün, 10:09

Mətanət İbrahimova: Şuşanı şagird kimi tərk etmişdim, müəllim kimi qayıdıram.

Mən Şuşanı məcburi tərk edəndə yeddinci sinifdə oxuyurdum. Ancaq illər keçib, yurduma müəllim kimi qayıdıram.

“Report”un məlumatına görə, bunları Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Mətanət İbrahimova deyib.

“Bu gün böyük qayıdış günüdür. Bu günü böyük həsrətlə gözləmişik, indi isə onu fəxrlə, qürur hissi ilə yaşayırıq. Sevinirik ki, doğma yurdumuza qayıdırıq.

Prezidentimizin quruculuq siyasətinin davamı olaraq müəllimlik fəaliyyətimi orada davam etdirmək niyyətindəyəm”, - M.İbrahimova bildirib.

O, yurduna qayıdışından fəxr hissi keçirdiyini bir daha vurğulayıb: “Qürur duyuram ki, pedaqoji fəaliyyətimi orada davam etdirəcəyəm və şagirdlərdə Vətənə məhəbbət hissi aşılayacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə şəhərə 48 ailə - 164 nəfər köçürülüb.

Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi