azia.az
azia.az

İstefaya göndərilən generallar məhkəməyə çağırılır

17-10-2024, 22:05

Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə dair məhkəmə işində ötən həftə vəzifələrindən çıxarılan korpus komandirləri - general-mayorlar Mais Bərxudarov ilə Münasib Babayevin adı çəkilib. MillətinSəsi.İnfo “Azadliq.org”-a istinadla xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı həbsdə olan şəxslər məhkəmədə illərlə həmin generallara pul verməyə məcbur qaldıqlarını bildirərək onların məhkəməyə çağırılıb dindirilməsini tələb edirlər. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədovla daha üç nəfərin - Hərbi Hava Qüvvələri və Quru Qoşunları maliyyə idarələrinin keçmiş rəisləri Cəlal Kazımov və Bayram Bayramovun, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadənin məhkəməsində bu barədə vəsatət qaldırılıb. Adları çəkilən general və polkovniklərin işinə bir ildən çoxdur Bakı Hərbi Məhkəməsində baxılır. Polkovnik C.Kazımov məhkəmədə deyib ki, 143 milyon manatlıq ittiham şişirdilmiş rəqəmdir, yeyinti bu qədər ola bilməzdi. Onların hesablamalarına görə, bu rəqəm 20 milyon manat civarında ola bilər: "33 aydır həbsdəyik, gözləyirik ki, bundan sonra nə olacaq. Öz ziyanımızı ödəməyə hazırıq, başqalarının yediklərinin cəzasını niyə biz çəkməliyik?" Digər təqsirləndirilən polkovnik B.Bayramov bugünlərdə vəzifələrindən azad edilmiş korpus komandirləri M.Bərxudarov və M.Babayev haqqında danışıb. Onlara külli miqdarda vəsait verildiyini söyləyən polkovnik hər ikisinin məhkəmədə dindirilməsini, sualları cavablandırmasını istəyib. B.Bayramov deyib ki, həmin dövrdə M.Babayev ayrıca korpus komandiri deyildi. Bərxudarov II korpusun komandiri, Babayevsə qərargah rəisi idi. 

Onun sözlərinə görə, general Bərxudarov üçün Beyləqanda "Real" adlı ərzaq dükanına və "Zirvə" adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına hər ay 2 min manat ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları Bərxudarovun yavəri Ülfət Abbasquliyev, ya da sürücüsü, yaxud mühasibi götürüb aparırdı. 

General-mayor M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayan Bayramov bunun 26 ay davam etdiyini və toplam 78 min manat ödəndiyini də deyib: "Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm". Təqsirləndirilən polkovnik əlavə edib ki, general Babayev Füzuli rayonunun işğaldan qurtarılması münasibətilə 10 qoyun qurban kəsdirib: "Qoyunlar 2 min manata alınmışdı və M.Babayev də onların pulunu ödəyəcəyinə söz vermişdi. Amma eləmədi. Məndən 10 min də bir aldı. Onu da qaytarmadı". B.Bayramov 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərinə 6 min manat verildiyini, alışverişlə ya generalın sürücüsü Xəyalın, ya da aşpazın məşğul olduğunu bildirib: "Pulları mühasibə verirdim. Hələ mən ad gününə, bayramlara görə verilənləri saymıram". Polkovnik məhkəmədə adlarını çəkdiyi mühasib, sürücü, aşpaz da daxil, bütün şahidlərin çağrılıb dindirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də onun vəsatətini dəstəkləyiblər. Prokuror onun generallar və digər şahidlərin dindirilməsi ilə bağlı vəsatətinə münasibət bildirməkdən ötrü məhkəmədən vaxt istəyib. 

143 milyonluq cinayət işi üzrə məhkəmə araşdırmaları oktyabrın 25- də davam edəcək. Xatırladaq ki, 2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, generalmayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub. DTX-nın İstintaq İdarəsində ilyarıma yaxın sorğulanması sürən cinayət işində Müdafiə Nazirliyi sistemində toplam 143 milyon manatlıq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi