“Moyka”lara sayğac qoyulsun - AÇIQLAMA
“Avtoyuma məntəqələrində sudan çox istifadə olunur. Respublika üzrə götürəndə kiçik rəqəm alınmır. Bəziləri texniki sudan istifadə edirlər, amma istənilən halda getdikcə su qıtlığının yaranmasını nəzərə alıb, daha çox qənaətlə istifadə etmək, israfçılığa yol verməmək məqsədilə avtoyuma məntəqələrinə nəzarət edilməlidir. Əlbəttə, bu, qiymət artımına da gətirib çıxara bilər. Təbii haldır. Suda sayğac yoxdursa, istədikləri formada istifadə edə bilərlər, qənaət etməzlər, israfçılığa yol verilə bilər. Xoşagəlməz halların, israfçılığın qarşısını almaq üçün avtoyuma məntəqələrinə sayğac qoyulması normaldır”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Aqil Məmmədov deyib.
“Götür-qoy etsək, sayğac yoxdursa, hər hansı xətdən su götürülürsə, vətəndaş da bəzi məsələlərə laqeyd münasibət bəsləyirsə, burada istər-istəməz israfçılıq olacaq. Sayğac olsa, sərf edilən suya hər hansı vəsait ödəsələr, çalışacaqlar ki, israfçılığın qarşısını alsınlar, artıq xərcdən azad olsunlar”, - o bildirib.
Aytəkin Qardaşova