"Lənətlənmiş bina"-Nikaha girənlər xoşbəxtlik tapmır?-Bakıda...
Bakının gözəl memarlıq nümunələrindən olan Səadət Sarayı haqqında insanlar müxtəlif fərziyyələr söyləyir, qəribə fikirlər səsləndirirlər. Guya, bu bina lənətlənib. Ona görə də bu sarayda nikaha girənlər ailə xoşbəxtliyi tapmırlar. Hətta burada toy edənlərin bir müddət sonra boşandıqları və yaxud övladlarının olmadığı da iddia olunur.
Azia.az bloqu xəbər verir ki, Bizim.Media insanlar arasında bu fərziyyələrin haradan qaynaqlandığını araşdırıb.
Səadət Sarayı vaxtilə Bakı milyonçusu olmuş Murtuza Muxtarovun evi olub. Bu binanın yaranmasının əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Belə ki, Bakı milyonçusu Murtuza Muxtarov Vladiqafqaza işgüzar səfərlərinin birində osetin generalı Tuqanov və onun ailəsi ilə tanış olur. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur.
Cütlüyün toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir. Toyda çərkəzi çuxa geyinib, ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirir, toy isə 7 gün, 7 gecə davam edir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə gətirirlər.
Milyoner həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Belə səfərlərin birində onlar gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər.
"Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" - deyə Liza heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.
O, Bakıya qayıdandan sonra Liza xanımın arzusunu yerinə yetirmək üçün Avropada gördükləri binanın eynisinin inşaasına başlayır. Bina bir neçə ilə hazır olur. Cütlük bu evdə 10 ilə yaxın birgə yaşayır.
Liza Murtuza Muxtarovu çox sevsə də, ona övlad verə bilmir. Ona görə də bu möhtəşəm sarayda heç zaman körpə səsi gəlmir. Bu səssizliyi pozmaq üçün Liza xanım sarayda tez-tez xeyriyyə tədbirləri keçirir. Yetim və imkansız uşaqlara yardımçı olur. Amma bütün xeyirxahlığının müqabilində Liza ana ola bilmir. Ona görə də insanlar hesab edir ki, Liza xanım bu sarayda xoşbəxtlik tapmadığı və ana ola bilmədiyi üçün bu saray uğursuzluq simvolu sayılır.
1920-ci ilin aprel ayının 28-də Azərbaycanda çevriliş edən bolşeviklərin ilk ələ keçirdikləri ünvanlardan biri də Muruza Muxtarovun sarayı olub. Saraya soxulan iki bolşevik onun təcili olaraq evi tərk etməsini tələb edir. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolşevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur. Beləcə, gözəl günlər üçün tikilən saray Muxtarovlar ailəsinə dəhşətli ölüm gətirir.
Səadət sarayının lənətlənməsi ilə bağlı ikinci versiya məhz budur.
"Dünyanı idarə edən gizli şəbəkə" kimi təqdim edilən masonluq haqqında çoxlu əfsanələr, miflər dolaşır. Bu gün dünyada elə bir ölkə yoxdur ki, oradakı tikililərdə mason simvollarına rast gəlinməsin. Avropada, Amerikada, Asiyada, Afrikada - hər yerdə pərgar, üçbucaq, piramida təsvirli binalar görə bilərik. Bu, onların məşhur simvollarıdır.
Azərbaycanda da belə simvollar yetərincədir. İstər tarixi, istər müasir tikililərdə mason simvollarına rast gəlmək mümkündür. Səadət Sarayı və ya Muxtarovun evinin üzərində də olan mason, illimunatı simvolları və Davud (siyonizim) ulduzu aşkar şəkildə görünür. Sarayın sütunlarından birinin yuxarı hissəsində Davud ulduzu öz əksini tapıb. Sarayın başqa bir sütununun yuxarı və aşağı hissəsində yenidən illimunati işarələrini görmək mümkündür.
Üçüncü ehtimal da məhz bu işarələrlə bağlıdır. İnsanlar hesab edir ki, bu nişanələr insanlara ancaq bədbəxtlik gətirir. Ona görə də Səadət Sarayı haqqında miflər hələ də yayılmağa davam edir...
Milli.Az