"NORM"un Baş icraçı direktoru barəsində tərtib olunan protokoldan verilən şikayətə baxılır
"NORM" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Baş icraçı direktoru Henning Sasse barəsində tərtib olunan protokoldan verilən şikayətə baxılacaq tarix açıqlanıb.
Xəbərə görə, sənədə Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyi ilə avqustun 30-da baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. Baş icraçı direktor protokoldan şikayət verib.
Qeyd: ASC-dən Pravda.az-a bildirilib ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən “Norm” ASC-nin Baş icraçı direktoru cənab Henning Sasse-yə inzibati xəta haqqında protokolun tərtib edilməsinə “Norm” ASC-yə xidmət göstərən logistika şirkətlərinin əməkdaşlarının sement sifariş edən şirkətlər tərəfindən yolumuzqarabaga.az icazə portalında yanlışlıqla “Norm” şirkətinin işçisi kimi qeydiyyatdan keçirilməsi səbəb olub. Vurğulanıb ki, “Norm” ASC tərəfindən müvafiq dövlət orqanına qərarın əsassız olduğuna dair məktub ünvanlanıb və müvafiq əsaslandırmalar təmin edilib. Eləcə də, məhkəməyə inzibati xəta hadisəsi olmadığı üçün sözügedən qərarın ləğv edilməsinə dair müraciət edilib. Yanlış məlumatı daxil edən müvafiq şirkətlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemində qeydiyyat məlumatlarına düzəliş etmələri barədə xəbərdarlıq edilib. “Norm” ASC-də əmək müqaviləsi bağlanılmadan əmək funksiyaları yerinə yetirən işçilər yoxdur və şirkət, eləcə də onun vəzifəli şəxsi digər şirkətlər tərəfindən portala daxil edilmiş yanlış məlumata görə məsuliyyət daşıya bilməz". Pravda.az
Xyal Quliyev