azia.az
azia.az

İnternet bahalaşdı, sürət artmadı: Provayderlər məhkəməyə veriləcək

19-08-2024, 15:54

Artıq bir neçə gündür ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

Xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Ancaq bu sahədə yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. İlk olaraq internet tarifləri ilə bağlı qərar qüvvəyə minmədən kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer aldı.

Yəni internet qiymətlərindəki dəyişiklik qərarı qüvvəyə minmədən öncə bir sıra şirkətlər vətəndaşlardan qiymət artımı ilə bağlı yüksək məbləğ tələb etməyə başladılar. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil oldu ki, məsələ ilə bağlı adıçəkilən qurumdan bildirdilər ki, araşdırma başlanılıb: “Nəticələri olandan sonra biz daha ətraflı məlumat verəcəyik. Bununla bağlı, internetin qiymətlərinin artırılması ilə bağlı bizə daxil olan vətəndaş müraciətləri çoxdur. Sadəcə bazarda ilkin araşdırma aparılıb ki, bu qiymətlər niyə görə artıb? Bu istiqamətdə ilkin araşdırmlara başlanılıb ki, Rəqabət Məcəlləsi pozulur, yaxud pozulmur. Hələ dəqiq nəticə yoxdur”.

Yeni qərarla bağlı digər narazılıq isə ondan ibarətdir ki, artıq bir neçə gündür yeni internet tarifləri qüvvəyə minib, ancaq son günlər sosial şəbəkələrdə vətəndaşların etirazları geniş şəkildə öz əksini tapır. Onlar bildirirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır.

Vətəndaşlar qeyd edirlər ki, əgər abunəçilərə məsələn, 25 AZN müqabilində 100 Mbit/s internet təklif edilmişdisə, hazırda verilən internet heç 60 Mbit/s deyil. Digər ölçülərdə də bu belədir. Yəni internetin sürəti təklif edilən ölçüdən dəfələrlə azdır. Bununla bağlı isə abonentlər bildirir ki, əgər tezliklə təklif edilən Mbit/s təmin edilməsə, kütləvi şəkildə müvafiq provayderi məhkəməyə müraciət edəcəklər.

Göründüyü kimi, bizdə bir sahədə qiymət artımı baş verərkən onun səbəbini adətən keyfiyyətin artırılması ilə izah edirlər. Məsələn, çörəyin qiyməti artırılarkən onun daha keyfiyyətli, çəkisinin artırılacağı bildirilsə də nəticədə çörək bahalaşmasına baxmayaraq, onun nəinki keyfiyyəti artır, hətta çəkisi daha da azalır. Hazırda isə internetin qiyməti bahalaşsa da, sürət nəinki yüksəlib, əksinə, sürətdə azalma özünü göstərir. İctimaiyyət isə müvafiq qurumdan baş vermiş proseslə bağlı cavab gözləyir./”Cebheinfo.az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi