azia.az
azia.az

Yeni Günəşlidə baxımsız qalan parkdan növbəti ŞİKAYƏT – İcra hakimiyyəti “vəsait yoxdur” DEYİR – FOTO

7-08-2024, 22:29

Suraxanı rayonunda sakinlərin istirahəti üçün nəzərdə tutulan yaşayış parkının baxımsız və bərbad durumda olduğu barədə yazı dərc etmişdik. Üzərindən 1 il vaxt keçməsinə baxmayaraq durum yenə eynidir. Daha dəqiq desək, vəziyyət daha acınacaqlı hal alıb.

İstirahət parkı müharibə ocağını xatırladır...

Söhbət Yeni Günəşli qəsəbəsi “D” massivi, bina 29-un qarşısındakı meydançadan gedir. Yaşayış binalarının qarşısında sakinlərin və uşaqların istirahəti üçün nəzərdə tutulan yaşayış parkı uçulub sökülüb. Ərazidəki futbol meydançası, uşaqların istifadəsi üçün qoyulan bəzi atraksionlar yararsız hala düşüb. Yelləncəklərin ümumiyyətlə oturacaqları yoxdur, bəziləri isə çürüdüyündən hər an qırılma təhlükəsi ilə üz-üzə qalıb. Döşəmələri uçuq-sökük olan meydança və pilləkənlərindən isə danışmağa dəyməz. Sakinlərin və azyaşlıların kabusuna çevrilən bu pilləkənlərdə demək olar ki, hər gün bədbəxt hadisələr yaşanır.

Dəfələrlə azyaşlıların və yaşlı insanların yıxılmasına səbəb olan pillələri qopmuş pilləkənlər sanki müharibə ocağını xatırladır. Bir sözlə, mənzərə o qədər ürküdücüdür ki, XXI əsrdə paytaxtın qəsəbələrindən birində belə bir vəziyyətin hökm sürməsi sadəcə birabırçılıqdır.

Üstəlik zibil paleqonuna çevrilən ərazi küçə itlərinin də məskəninə çevrilib.

Suraxanı rayon İcra Hakimiyyəti illərdir ki, söz verir

Bizim.Media-ya növbəti dəfə şikayətlənən Yeni Günəşli “D” massivindəki 28, 29, 30 və 31-ci bina sakinlərinin sözlərinə görə aidiyyəti qurumlar baxımsız vəziyyətdə olan meydançanın təmiri məsələsinə hələ də biganəlik nümayiş etdirirlər. Dəfələrlə şikayət və müraciətlərə baxmayaraq nə ərazi təmirə bağlanır, nə də natəmizlik aradan qaldırılr. Halbuki 1 il əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva Bizim.Media-ya açıqlamasında sözügedən yaşayış sahəsində olan məhəllənin təmiri və abadlaşdırılmasının nəzərdə tutulduğunu açıqlamışdı.

Parkın abadlaşdırılması və yenidən bərpası isə sanki dalana dirənib. Nə ərazi üzrə Qaraçuxur bələdiyyəsi və ərazi nümayəndəliyi, nə də Suraxanı Rayon İcra Hakimiyyəti problemlə maraqlanır. Diqqətdən kənar qalan məhəlləarası meydança isə gün keçdikcə dağılır, bərbad hala düşür və azyaşlıların yararsız pilləkənlərdən yıxılaraq xəsarətlər alması ilə nəticələnən hadisələrin sayını artırır.

Parkın təmiri üçün vəsait yoxdur?

Məsələ ilə bağlı növbəti dəfə Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun rəsmisi Sevinc Ağayeva Bizim.Media-ya açıqlamasında parkın təmir olunması üçün vəsaitin olmadığını deyib:

“Təbii ki, biz də istəyirik ki, təmir edilsin, hər bir park abadlaşdırlsın. Öz ərazimizdir. Elə məsələlər var ki, bizdən də asılı deyil. Həmin park Qaraçuxur bələdiyyəsinin balansındadır. Elə onlar tərəfindən də parkda təmizlik işləri aparıldı. Əraziyə atılmış məişət tullantıları yığışdırıldı. Abadlaşdırılmasına gəlincə, hazırda mümkün vəsait yoxdur ki, o park təmir olunsun. Gələcəkdə nəzərdə tutulub, amma indi yox...”

Görünən odur ki, Yeni Günəşli “D” massivindəki sakinlər istirahət üçün üz tutduqları parkın təmir olunub abadlaşdırlmasını hələ çox gözləməli olacaqlar...





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi