Direktor nazirin əmrini heçə sayır?-Kardiologiya İnstitutunda özbaşınalıq
Elmi Tədqiqat Kardiologiya İnstitutunun işçilərinə Ürək Çatışmazlığında Yeniliklər konqresinə qatılmağa niyə icazə verilmədi?
Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda direktor Gülnaz Dadaşovanın özbaşınalıqları və qanunsuz əməlləri davam edir.
Bu barədə AzToday.az -a İnstituta yaxın mənbələrdən bəlli olub.
Əldə etdiyimiz məlumata görə, hazırda məzuniyyət götürən və xarici ölkələrdən birində istirahət edən Gülnaz Dadaşova öz səlahiyyətlərinin icrasını müavini Rafael Daşdəmirova həvalə edib. Mənbə bunun tamamilə qanunsuz olduğunu bildirib. Belə ki, bu yaxınlarda Səhiyyə naziri Teymur Musayevin əmri ilə Azad Hacıyev Elmi Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunub. G.Dadaşova məzuniyyətə gedərkən, qanuna görə, onun səlahiyyətlərini baş həkim Azad Hacıyev icra etməli idi. Hətta nazirlikdən bununla bağlı G.Dadaşovaya müvafiq göstəriş də verilib. Lakin nazirin göstərişini heçə sayan G.Dadaşova səlahiyyətlərinin icrasını qeyd etdiyimiz kimi, Azad Hacıyevə deyil, müavini Rafael Daşdəmirova həvalə edib.
Bunun səbəblərinə gəlincə, hazırda G.Dadaşova ilə A.Hacıyevin münasibətlərinin gərgin olduğu bildirilir. Hətta hüquqları pozulduğu üçün baş həkim baş direktoru məhkəməyə də verib. AzToday.az bir müddət öncə bu barədə yazmışdı (https://aztoday.az/news/270740.html)
Beləliklə, aralarındakı konflikt və A.Hacıyevə etibar etməməsi səbəbindən baş direktor ölkədə olmadığı müddətdə İnstituta rəhbərliyi Rafael Daşdənirova həvalə edib. Hətta vacib sənədlərin imzalanması bir neçə gün R. Daşdəmirov tərəfindən həyata keçirilib.
Digər maraqlı məsələ isə G.Dadaşovanın İnstitutun elmi işçilərinə Azərbaycan Kardioloqlar Cəmiyyətinin 28-29 iyun 2024-cü il tarixlərində keçirdiyi 3-cü Ürək Çatışmazlığında Yeniliklər konqresinə qatılmasına qadağa qoymasıdır. Maraqlıdır, bu axı kardiologiya konqresidir və məntiqlə direktor öz elmi işçilərinin bu yüksək səviyyəli tədbirdə iştirak etməsində maraqlı olmalıdır. Bəs, onun bu məntiqsiz, həm də qanunsuz tələbinin səbəbi nədir? Mənbəmizin sözlərinə görə, bunun bir səbəbi Gülnaz Dadaşovanın öz kollektivinin üzvlərini belə tədbilərdə görmək istəməməsidir:
“Xaraktercə özündənrazı, karyerist olan bu adam hesab edir ki, bütün tədbirlərdə özü iştirak etməlidir. O, işçilərinin belə tədbirlərə qatılmasına qısqanclıqla yanaşır” – deyə institutun əməkaşlarından biri deyir. Digər tərəfdən, görünür, Azərbaycan Kardioloqlar Cəmiyyətinin rəhbərliyinə xoş münasibət bəsləməməsi də bu məsələdə ciddi rol oynayb.
Direktorun özbaşınalığından ehtiyat edən bir çox elmi işçilər, həkimlər və hətta məruzəçilər konqresdə iştirak etməyiblər. Bu baxımdan tədbirdə yaranan boşluq ciddi şəkildə nəzərə çarpıb. Axı ETKİ-nun alim, elmi işçi və həkim kollektivi bundan əvvəlki bütün konqreslərdə iştirakçıların əsas hissəsini təşkil edib. Başa düşmək olmur, direktor Gülnaz Dadaşova niyə öz şəxsi intriqalarına niyə bütün kollektivi qoşur? Axı bu əməli ilə o kardiologiya elminə və kardioloqlar cəmiyyətinin birliyiinə zərbə vurur”.
Ən maraqlı məqamlardan biri də bu günlərdə Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş zamanı baş verib. Nazir Teymur Musayevin Avropa Kardioloqlar Cəmiyyətinin sədri ilə görüşünə də G.Dadaşova Azad Hacıyevin deyil, öz etibarlı adamı Rafael Daşdənirovun getməsini istəyib. Yalnız T.Musayevin məsələyə müdaxiləsi və G.Dadaşovanın ondan çəkinməsi ilə A. Hacıyevin görüşdə iştirak etməsi ilə nəticələnib.
Məlumatlı mənbə onu da qeyd edib ki, G.Dadaşova Səhiyyə sistemində yüksək vəzifə tutan şəxs tərəfindən himayə olunur:
“Bu məsələ onu o qədər ərköyünləşdirib ki, o, bəzən Səhiyyə Nazirliyindən verilən göstərişləri belə heçə sayır, qanuna zidd olaraq, bir çox ciddi məsələlərdə özünün şəxsi istək və mülahizələrinə əsasən, qərar verir”.
İnstitunun əməkdaşları G.Dadaşovanın əməllərindən ciddi narazıdırlar. Hətta bu məsələ ilə əlaqədar dəfələrlə onun fəaliyyətindən Nazirliyə şikayət də edilib. Maraqlıdır, G.Dadaşovanı müdafiə edən şəxs kimdir ki, nazir T.Musayev onun haqqında tədbir görmək istəmir?
Narazılıq doğuran daha bir məqam isə hazırda G.Dadaşovanın əmri ilə İnstitutda aparılan təmir ilə əlaqədar tətbiq olunan qanunazidd addımlarla bağlıdır. Belə ki, həkim və elmi işçilər sanitar-gigiyenik normalara uygun olmayan şəraitdə işləməyə məcbur edilirlər:
“Təmirin tozu-torpağı yayın bu istisində tibbi personalın başına yağır. Direktorun işsiz-gücsüz qoyduğu insanlar ikinci mərtəbənin dəhlizinə səpələniblər. Təmirlə əlaqədar İnstitutda çarpayı yerlərin sayı azaldığından iş həcmi də azalıb. Buna baxmayaraq, işçilər ancaq növbəti əmək məzunuyyəti və yaxud da öz hesabına məzuniyyət götürməyə məcbur edilir. Həkimlərə isə boş olan palatalara növbələr yazılır. Qəbul şöbəsinin işçisi Əsmər iki gün dalbadal sutkalıq növbəyə çıxmaq məcburiyyətində qalıb. Ikinci növbədən sonra özünü pis hiss etdiyindən ETKİ-nin həyətinə çıxıb. İşçini yerində görməyən direktorun inzibati məsələlər üzrə müavini Azər Mirzəxanlı onun dalınca adam göndərib və iş otağında olmadığı üçün cəzalandırılacağı ilə hədələyib. Fasiləsiz növbədən onsuz da zəifləmiş qız bu hədəyə görə huşunu itirib”.
Məsələ ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.