442 xarici şirkət Qarabağdakı layihələrdə iştirak etmək istəyir
İyulun 15-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən 2 058 layihədə iştirak etmək üçün 2 107 müraciət daxil olub ki, onlardan 442-si xarici şirkətlərdəndir.
Valyuta.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Azərbaycan və Vyetnam sahibkarları ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 63 milyon ABŞ dollarını ötüb:
“Amma hazırkı ixrac həcmimiz nisbətən aşağıdır. Qeyri-neft ixracımızın artırılması istiqamətində fəal işləyirik. Biz yerli ixracatçıları dəstəkləmək üçün ixracın təşviqi mexanizmlərini tətbiq etməklə ticarət əlaqələrimizi inkişaf etdirməyə çalışırıq”.
O əlavə edib ki, AZPROMO Vyetnam şirkətlərinə Azərbaycanda biznes qurmaq üçün lazımi resurs və təlimat verməklə onlara kömək etməyə hazırdır:
“Azərbaycanın güclü investisiya potensialı var. Ölkədəki xüsusi iqtisadi və sənaye zonaları, həmçinin aqroparklar və azad iqtisadi zonaları ilə 10 ilədək müxtəlif vergi güzəştləri kimi əhəmiyyətli imtiyazlar təklif edir”.