Qadın boşanmadan da aliment tələb edə bilərmi? - Hüquqşünas GÖRÜN NƏ DEYİR
Xanım həyat yoldaşının maddi cəhətdən ailəni təmin etməməsindən şikayətçidir. O bildirir ki, yoldaşı aldığı 700 manat maaşı ancaq qumara qoyur:
“Yoldaşım 700 manat maaş alır, amma evə 1 qəpik də olsun, pul gətirmir. Pulu ancaq qumara qoyur. Ona görə də mən boşanma olmadan ərimdən aliment almaq istəyirəm”.
Maraqlıdır, boşanma olmadan alimentin kəsilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov nikah pozulmadan da qarşı tərəfdən aliment tələb edilə biləcəyini deyib:
“Nikah pozulmadan da qarşı tərəfdən aliment tələb edilə bilər. Uşaq kimin himayəsində yaşayırsa, digər tərəf ona aliment ödəməlidir. Həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər övladları qarşısında bərabər öhdəlik və vəzifələr daşıyırlar. Uşaq ananın himayəsindədirsə, atanın alimentin ödəməsi ilə bağlı ilkin mediasiya təklifi göndərilir. Mediasiya təklifi qarşı tərəfə çatdıqdan sonra 10 iş günü müddətində təklifə hər hansı münasibət bildirilməzsə, ana yaşaydığı və ya cavabdehi olduğu yer üzrə Mediasiya Təşkilatına müraciət ünvanlayır. Bu müraciətdən sonra mediatr tərəfləri dəvət edir. Uşaqların saxlanılması ilə bağlı ortaq məxrəcə gəlindikdə, mediasiya ilə barışıq sazişi bağlanır. Tərəflərdən biri iştirak etmədikdə, mediasiyada razılığa gəlinmədikdə ana iddia ərizəsini aiddiyatı üzrə məhkəməyə təqdim edə bilər. Nəticədə 2 ay müddətində işə baxıldıqdan sonra qərar qəbul oluna bilər”.
Hüquqşünas bildirib ki, uşaqlar üçün yaşayış minimumu 235 manatdır:
“2024-cü il üzrə Yaşayış Minimumu Haqqında qanuna görə, uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Uşaqların sayına görə, məbləğ təyin oluna bilər. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, tərəflərin birgə nikahdan bir övladı varsa, qarşı tərəfin gəlirinin 4 də 1-i, 2 övladı varsa, gəlirinin 3 də 1-i, 3 və daha çox övladı varsa, aylıq əməkhaqqı və digər gəlirlərin yarısı tələb edilib, məhkəmə tərəfindən təyin oluna bilər”.
Süleymanov həmçinin onu da vurğulayıb ki, tərəflər bir evdə yaşasalar belə yuxarıda qeyd olunan formada aliment tələb edilə bilər.
Aygün Mirakif