Professor Şirindil Alışanlı vəfat edib
Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı martın 14-də vəfat edib.
Şirindil Həsən oğlu Alışanlı 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almış, Filologiya fakültəsində ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmiş, XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi ilə 1981-ci ildə namizədlik dissertasiyasını müafiə etmişdir.
1976-cı ildən etibarən AMEA-nın Nizami Gəncəvdi adına Ədəbiyyat İnstitutunda çalışırdı. Müxtəlif illərdə elmi işçi, institutun elmi katibi, Ədəbiyyat nəzəriyyəsi bölməsinin müdiri, Tarixi poetika şöbəsinin müdiri, son olaraq isə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri idi.
1991-ci ildə “Sabah” nəşriyyatını təsis etmiş, 1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru olmuş, 1997-ci ildən 2014-cü ilə qədər “Elm: redaksiya, nəşriyyat və poliqrafiya mərkəzi”nin direktoru olmuşdur.
10-dan artıq kitabın, 200-dən artıq elmi məqalənin müəllifi idi. Bir sıra mötəbər beynəlxalq elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olmuşdur. Rəhbərliyi və redaktəsi ilə çoxsaylı elmi əsərlər və antologiyalar nəşr edilmişdir. 70-dən artıq kitabın redaktoru olmuşdur.
Onun rəhbərliyi ilə 10 nəfər fəlsəfə üzrə elmlər doktorluğu müdafiə etmişdir. Bir elmlər doktorluğu, 20 fəlsəfə doktorluğu dissertasiyasına opponentlik etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Mərhum professora Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.
Qeyd edək ki, tanınmış alimlə vida mərasimi sabah saat 10:00-da Təzəpir məscidində keçiriləcək.
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi