Azia.az blogu-2019-cu ildə bir sıra vəzifə cinayətlərində şübhəli bilinərək işdən çıxarılan və həmin il həbs edilən Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun məhkəməsi başa çatıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Qasımov Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.
Valeh Qasımova 6 il 6 ay müddətinə həbs cəzası verilib. Onun həmçinin həmin cəzanın bitməsindən sonra 2 il ərzində vəzifə tutması qadağan edilib.
Sabiq direktorun ümumilikdə 434 min manat dövlət vəsaitini ələ keçirməsi müəyyən edilib. Məhkəmə prosesində bildirilib ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 107 min manatı büdcəyə geri qaytarıb.
Hökmdə ondan daha 327 min manatın tutularaq büdcəyə ödənilməsi vurğulanıb.