Hərbçimizdən XƏBƏR VAR, onun barəsində...-ATASI DANIŞDI
Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.
Ermənistan mətbuatının yaydığı xəbərə görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Gundem.az xəbər verir ki, Bizim.Media hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə saxlayıb.
Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş aparır:
“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat verilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daimi əlaqə saxlayırlar və aidiyyəti qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qırmızı Xaç Komitəsindən övladımla onlayn görüş təşkil edəcəklərini bildiriblər. Dəqiq vaxtı deməyiblər”.