azia.az
azia.az

Məşhur psixoloq: “Kişi və qadın münasibətə başlayanda özünün sata bildiyi tərəfini...”

4-03-2024, 17:01

“Tanışlıqda ən önəmli məqam niyyətdir. İlk növbədə, tanış olmağın məqsədini müəyyən etməliyik”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, yalnız bundan sonra tanışlığın formasına qərar vermək olar:

“Yəni biz həmin adamı hansı təyinatda istifadə edəcəyimizə qərar verməliyik. Məsələn, maşın və ya telefon alanda, onun bizim üçün təyinatının nə olduğunu başa düşürük. Amma sonra o maşın və ya telefonla daha çox vaxt keçirdikcə, onun başqa təyinatları da olduğunu görürük.

Bəlkə insana da bu yöndə baxmaq lazımdır. Biz insanlarla tanış olanda niyyətimiz bəlli olmalıdır. Amma gedişatda da o insanı kəşf edərək istədiyimiz təyinata uyğun olub-olmadığını sorğulamalıyıq. Fikrimcə, insan öz parametrlərini dəqiq bilməlidir ki, kiminlə, harada və necə tanış olacağını dəqiqləşdirsin. Yəni özümüzə uyğun şəxsi və onun harada olacağını müəyyən etməliyik”. 

Psixoloq qeyd edib ki, uğurlu münasibət qurmaq üçün öncə dost olmaq lazımdır:

“Məncə, ilk növbədə dost olmaq lazımdır. Yəni bir-birimizi uzun müddət tanımalıyıq. Daha sonra isə həmin şəxsin başqa təyinata da uyğun olub-olmadığına baxa bilərik.

Ümumiyyətlə, yaxşı dostluğun yaxşı münasibətə çevriləcəyinə inanıram. Bunun daha uzunmüddətli və maraqlı olacağını düşünürəm. Çünki onlar artıq bir-birinin mənfi və müsbət tərəflərini dost olduqları müddətdə öyrənirlər. Ona görə də yaxşı dostluqlar yaxşı münasibətlərə gətirib çıxara bilər. Bu, kişi ilə qadın arasındakı dostluğun saxta olduğu anlamına da gəlmir. Çünki kişi ilə qadın arasında dostluq var.

Onsuz da bütün dost olduğumuz əks cinsin nümayəndəsi ilə sevgili ola bilmərik. Amma bunu dostlarımızın arasından seçə bilərik. Bu, münasibəti daha sığortalı şəkildə yaşamağımıza səbəb ola bilər. Ən azından ortaq dəyərlərimiz olur. Eyni sektorda işləmək və danışa biləcək sözümüz olması çox önəmlidir”. 

Əfsanə Rüstəmova diqqətə çatdırıb ki, dost maraqlarımızı təmin edən insan olur:

“Evlilikdə də marağımızı təmin edən, dəyərlərimizə uyğun şəxs seçməliyik. Ona görə də dost çevrəmizdən kənarda dayanan adam sadəcə anlıq olaraq xoşumuza gələ bilər. Amma münasibətin uzun müddət davam etməsi üçün mütləq dəyərlərimizə toxunulmalıdır.

Dəyərlərə toxunmaq isə dostlar arasında daha yaxşı olur. Hətta deyərdim ki, dostluğun gedişatda həmin şəxsin dostdan daha çoxuna layiq olduğunu düşünə bilərik. İnsanlar münasibət qurmaq adı ilə ilişkiyə başlayanda özlərinin sata bildiyi tərəflərini daha çox və olmadığı qədər göstərməyə başlayırlar.

Növbəti mərhələdə bunun belə olmadığı bilinəndə ilkin yaranan effekt birdən-birə yox olmağa başlayır. Amma dostluq elə deyil. Dost insanın pis, yaxşı, ağlayan, gülən bütün vəziyyətlərini bilir. İnsan dostunun yanında saxta davranmır. 

Ona görə də başdan adını qoymadan münasibətə başlamaq, sonda daha qalıcı bir ilişkinin təməlini qoya bilər.

Dostluqda kin, nifrət, müsbət, mənfi hamısı qədərində və ən səmimi şəkildə görünür. Ona görə də dostumuzun kimliyinə daha yaxından bələd oluruq”. 

Elmir Mustafa 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi