azia.az
azia.az

Ölümdən əvvəl arzulanan yeməklər BUNLARDIR

1-03-2024, 08:18

Yəqin ki, insan bir neçə saatdan sonra öləcəyini bilərsə, ürəyindən hansısa bir yemək keçməz. Keçsə belə, tikəsi boğazında qalar. Amma həmişə belə olmur. Elə insanlar var ki, hətta ölümqabağı menyularının zəngin olmasını arzulayır. Söhbət qocalıqdan, yaxud çarəsiz xəstəlikdən dünyasını dəyişən insanların ölümqabağı yemək istəyindən getmir...

Amerika qanunlarına görə, ağır cinayətlər törədərək ölüm cəzasına məhkum olunanlar cəzanın icrasından bir-iki saat əvvəl istənilən yeməklərlə təmin olunurlar. Ancaq bir şərtlə ki, sifariş olunan qida məhsullarının qiyməti 40 dollardan artıq olmasın. Maraqlı məqam odur ki, belə insanlar həyatlarının son saatlarını yaşadığını bilərək sonuncu süfrələrini müxtəlif qidalarla bəzəməyə özlərində güc və iradə tapa bilirlər.

30-dan artıq insanın həyatına son qoyan, silsilə qətllər törədən, qəsdən adam öldürmə maddəsi ilə ölüm cəzasına məhkum edilmiş Con Qeysi cəzasının icrasından əvvəl öz hüquqlarından istifadə edərək təzə çiyələk, kartof qızartması, bir neçə növ fast-fud sifariş edib.

CİYEL.jpg (120 KB)Ölüm hökmünün icrasına iki saat qalmış Rikki Rey sonuncu menyusunda toyuq qızartmasına və qozlu piroqa üstünlük verib. Toyuq qızartmasını yedikdən sonra nəzarətçiyə deyib ki, piroqu axşama saxlayır. Axşamın onun üçün olmayacağını isə o, yaxşı dərk edib.

168 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı Timoti Makvey ömrünü şirniyyatlarla başa vurub. Son saatda o, məmnuniyyətlə şokolad və dondurma yemək istəyini bildirib.

DONDUR.jpg (93 KB)

Zorlama və qəsdən adam öldürməyə görə həyatı ilə vidalaşmalı olan Lui Cons ömrünün son anlarında belə vitaminlərlə qidalanmaq istəyib. O, ananas, manqo, kokos da daxil olmaqla müxtəlif meyvələr sifariş edib.

Yaşlı qadını öldürməklə öz həyatına da son qoyan Ferli Matçet ölümqabağı 4 dənə zeytun və bir şüşə mineral su ilə kifayətlənib.

Soyğunçuluq və qəsdən adam öldürmə ilə ittiham olunaraq ölüm cəzasına məhkum olunmuş Steysi Loutonun iştəhasından ömrünün son dəqiqələrində bir banka duza qoyulmuş xiyar keçib.

XİYAR.jpg (145 KB)

Bir çox ağır cinayətlərdə əli olan Ceyms Xadsonun son yemək istəyi uyğunsuzluğu ilə fərqlənib. O, iki şüşə kola və bir dənə soğan sifariş edib.

Qadın ölümündə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Dobi Uilyams şirniyyat həvəskarı olduğunu həyatının son dəqiqələrində də büruzə verib. O, nə az, nə çox, 12 baton şokolad və dondurma istəyini gizlətməyib.

Xenk Skinnerin iştəhası isə onu ölümdən xilas edib. Belə ki, bir qadının və onun iki oğlunun ölümündə təqsirli bilinən Xenk ölüm cəzasının icrasından bir saat qabaq öz hüquqlarından istifadə edərək əməlli-başlı əsl restoran menyusu sifariş verib. O, özünə üç tikə toyuq qızartması, soma filesi, kartof qızartması, pendir, yumurta, iki ədəd çizburqer və südlü-şokoladlı kokteyl gətizdirib. Qolunu çırmayıb yeməyə girişən Xenk Skinner ikinci çizburqeri yeməyə başlayanda nəzarətçilər onu dayanmağa məcbur ediblər. Belə ki, həmin dəqiqələrdə həbsxanaya onun ölüm hökmünün ləğv olunması ilə bağlı qərar gəlib.

Azadlıqdan 11 il müddətinə məhrum edilmiş Brayan Prays bütün məhkumluq illərində Texas türməsində aşpaz işləyib. Bu illər ərzində o, ölüm cəzasına məhkum olunmuş 304 nəfərin sonuncu yeməklərini hazırlayıb.

Azadlığa çıxdıqdan sonra xatirələrini yazan Brayan həmin illəri belə xatırlayıb:

“Bu, olduqca ağır bir iş idi. Düşünəndə ki, hazırladığın yeməyi yeyən şəxsi bir saatdan sonra öldürəcəklər, adam dəhşətə gəlirdi. Amma digər tərəfdən məni sakitləşdirən bir məsələ də var idi ki, onların sonuncu sifarişlərini yerinə yetirirdim. Bu illər ərzində 304 nəfər ölüm cəzasına məhkum olunmuş insanın sonuncu dəfə yeyəcəkləri yeməyi hazırlamışam. Təsəvvür edin, səhər saatlarında mənə iki nəfər üçün yemək sifariş edilirdi. Bu sifarişdən başa düşürdüm ki, həmin gün iki nəfər həyatla vidalaşacaq. Beləliklə onların sayı 304 nəfərə çatmışdı. Demək olar ki, bütün “müştəri”lərim məndən razı qalırdı. Bu illər ərzində hazırladıqlarımdan bir dəfə də olsun şikayət edilməmişdi. Onların arasında yeməkdən imtina etmək çox nadir hallarda olurdu. Əksər hallarda hər kəs öz ştatlarının mətbəxlərinə uyğun yeməklər sifariş verirdi. Əsasən isə qızartmaya və şirniyyata üstünlük verilirdi. Mən çalışırdım ki, ölümlə üz-üzə dayanan bu insanları son dəqiqələrdə, son saatlarda hazırladığım yeməklərlə bir anlığa olsa da, fikirlərindən yayındıra bilim. Azadlığa çıxdıqdan sonra bir neçə il həbsxanada hazırladığım yeməkləri hazırlaya bilmirdim. “Ölüm” menyuları tez-tez yuxuma girirdi...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi