azia.az
azia.az

Dollar 3 manata qədər BAHALAŞACAQ? - Vacib DƏYİŞİKLİK

6-02-2024, 03:30

Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.

Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir.

Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.

Belə olan təqdirdə isə cəmiyyətdə dolların bahalaşacağı və manatın məzənnəsinin isə dəyişəcəyi ehtimal olunur. Bəs gözləntilər özünü doğrulda bilər?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda dolların kəskin bahalaşacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:

“Azərbaycanda valyuta məzənnəsinin dünya bazarları ilə heç bir əlaqəsi yoxdur. Bizdə valyutanın məzənnəsi hökumət və Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşir. Valyuta hərraclarında dollara tələbin artması təbiidir. Hər dəfə ilin sonunda və əvvəlində bu artımı görürük, yay aylarında bir daha bunun şahidi olacağıq. Əvvəlki illərdə tələb bundan da artıq olub, dolların satış həcmi daha yüksək olub. Bu hökumətin qərarından asılıdır. Sabah da qaldıra bilərlər, heç qaldırmaya da bilərlər. Bunun dünyada gedən heç bir proseslə əlaqəsi yoxdur”.

İqtisadçı qeyd edib ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir və bunlar inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu il Azərbaycanda hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilən deyil: “Çünki bu il ard-arda seçkilər ilidir. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Buna görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilən deyil. Amma bu o demək deyil ki, Azərbaycan manatı həmişə belə sabit qalacaq. Gələn ili sonu və ya 2026-cı ildə bununla bağlı hansısa qərarlar verilə bilər”



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi