azia.az
azia.az

Ər-arvadın pensiyası kəsildi, dələduzluqla üzləşdilər — MƏHKƏMƏ

30-01-2024, 14:28

Masallı rayonunda 1970-ci il təvəllüdlü Əskər pensiya düzəltmək adı ilə həmyerlisi Tahirə qarşı dələduzluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əskər özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu Allahyarlı kənd sakini Tahirə  və arvadı Vüsaləyə 4750 manat pul müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verib. O, 2021-ci ilin müxtəlif vaxtlarında Tahirdən 4750 manatı alaraq ona qarşı dələduzluq edib.

Hadisəni törədən Əskərin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əskər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, xəstəliyi ilə bağlı müalicə olunması üçün ona pul lazım olub: “Böyrək çatışmamazlığından əziyyət çəkirəm, dializ olunmam üçün mənə pul lazım olub. Zərərçəkmiş Tahiri əvvəllər taksi sürücüsü kimi tanımışam. Səhhətim ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına getmişəm. Orada zərərçəkmiş şəxslə qarşılaşmışam. Ondan müalicəm üçün 2000 manat borc pul istəmişəm. Tahir həmin vaxt üzərində 2000 manat pul olmadığını bildirdi. Tahirin borca pul vermək istəmədiyini hiss etdim. Ona aldığım pulun üstündə əlavə olaraq pul verəcəyimi təklif etdim. Bu zaman Tahir mənimlə razılaşdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün Masallıda “ASAN xidmət” mərkəzinə gedib və orada notarial qaydada borc müqaviləsi bağlayıb, Tahirdən 2000 manat pul alıb: “Lakin xəstə olduğum üçün və bu səbəbdən heç bir yerdə işləmədiyimdən maddi imkanım olmayıb. Aldığım pulu tam şəkildə geri qaytara bilmədim. 2000 manat pulu Tahirə geri qaytara bilməsəm də, hissə-hissə olmaqla həmin puldan ümumilikdə 600 manat hissəsini geri qaytarmışam. Lakin Tahir bu halı gizlədir, pulu məndən tam şəkildə tələb edir. İşləyə bilmədiyim üçün Tahirə hər ay müəyyən məbləğlərlə hissə-hissə ödəməyi təklif etmişəm. Tahir isə bununla razılaşmayıb. Hətt bu barədə istintaq zamanı müstəntiqin yanındada bildirmişəm. Tahirdən 2000 manat borc aldığımı danmıram. Həmin pulu qaytaracağam. Lakin maddi imkanım olmadığı üçün hissə-hissə ödəyə biləcəm. Tahir isə bununla razılaşmır. Tahir ondan aldığım 2000 manat borc pulunu tam qaytara bilmədiyini gördü. Guya pensiya düzəltmək adı ilə onu aldadaraq 4750 manat pulunu ələ keçirməyim barədə polisə şikayət etdi. Tahirdən 4750 manat pensiya düzəltmək adı ilə pul almamışam. Sadəcə maddi imkanım olmadığından müalicə olunmağım üçün 2000 manat borc almışam”. 

Təqsirləndirilən şəxs bildirib ki, böyrək çatışmamazlığından əziyyət çəkir və başqa xəstəlikləri var: “Birinci qrup əliləm. Heç bir yerdə işləyə bilmirəm. Bu səbəbdən də almış olduğum 2000 manat pulu hissə-hissə ödəyəcəm. Oğlum müharibə iştirakçısıdır, bir çox meddalları var, hazırda da hərbidə işləyir”. 

Zərərçəkmiş Tahirin sözlərinə görə, 2021-ci ilin iyun ayında əlilliklə bağlı ona və arvadı Vüsaləyə verilən pensiya müddətin bitməsi səbəbindən dayandırılıb: “Həmin vaxtdan pensiyanın yenidən bərpa olunmasına çalışmışam. Bununla əlaqədar dəfələrlə Masallı Rayon Mərkəzi Xəstəxanasına və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialına gedərək müraciət etsəm də, məlum olmayan səbəblərdən pensiya bərpa olunmadı. Bununla əlaqədar növbəti dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasına getdim.Xəstəxananın həyətindən çıxarkən bir nəfər ağzında maska olan şəxs yaxınlaşaraq salam verərək özünü mənə təqdim etdi. O, Əskər olduğunu, məni tanıdığını və xəstəxanaya nə üçün gəldiyimi soruşdu. Mən də Əskər adlı şəxsə özümün və arvadımın aldığımız pensiya dayandırıldığını, bununla bağlı imtina gəldiyini, pensiyanı yenidən bərpa etdirilməsindən ötrü xəstəxanaya gəldiyimi bildirdim. Həmin vaxt Əskər bu işlə məşğul olduğunu, mənim işimi düzəldə biləcəyini və bununla bağlı adamları olduğunu dedi. Bu səbəbdən də tanış olduq. Bundan sonra məndən hissə-hissə pul almağa başladı. Əskər söz verdi ki, 2022-ci ilin mart ayınadək pensiyalarımız düzələcək. Düzəlmədikcə isə müəyyən bəhanələr etdi ki, guya sistem işləmir, qohumu xəstədir, qohumu rəhmətə gedib. Bu formada hər dəfə söz deməklə işləri uzadıb”. 

Zərərçəkmiş qeyd edib ki, həmçinin 2022-ci ilin yeddinci ayınadək Əskər aldığı pulları qaytarmalı imiş: “Əgər borc almışdısa bu günə kimi qaytarardı. Lakin heç bir manat da belə qaytarmayıb. Ümumilikdə məndən 5000 manata yaxın pul alıb. Lakin istintaq zamanı müstəntiq xırda məbləğləri yazmağa ehtiyac olmadığını dediyindən yazmamışam. Hazırda Əskərin mənə 4750 manat borcu var”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əskər 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

İş üzrə verilmiş mülki iddia təmin edilib. Təqsirləndirilən şəxsdən 4750 manat məbləğində zərər məbləği və 75 manat məbləğində dövlət rüsumu, 92 manat kredit müqaviləsi bağlanması üçün ödənilmiş pul olmaqla, ümumilikdə 4917  manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilib. 

Fariz Məlikli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi