azia.az
azia.az

2 ay əvvəl yaranan şirkətlər tenderlərdə necə qalib olurlar? – Şübhəli məqamlar

4-01-2024, 12:07

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 49 min 493 manat 18 qəpik olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN - 1203458101) olub.
“Sayllon az” MMC Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sifarişilə bu quruma kimyəvi maddələr, reaktivlər və markerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Sayllon az” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Əkbər oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sayllon az” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2023-cü ilin 4 dekabr tarixində başlayıb, tenderin qalibi olan “Sayllon az” MMC isə 2023-cü ilin 2 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (kimyəvi maddələr, reaktivlər və markerlər) qalib olması başa düşülən deyil.
“Sayllon az” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 50 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
Onu da bildirək ki, cəmi 2 ay əvvəl təsis olunan “Sayllon az” MMC artıq 3 tender müsabiqəsində qalib olmağı bacarıb. MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Audiovizual Şuranın keçirdiyi 14,8 min manatlıq, Mərkəzi Seçki Komissiyasının isə 24 min manatlıq (60 ədəd müdür kreslosu) tender müsabiqəsində qalib olub.
“Sayllon az” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Həsənov Murad Əkbər eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub.
Bunlardan biri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov ev 3-də qeydiyyata alınan “Kaskad-Den Group” MMC (VÖEN – 1806467141), digəri isə Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC (VÖEN – 1506535021) olub.
Murad Həsənovun rəhbərlik etdiyi “Kaskad-Den Group” MMC-də 2 ay əvvəl qeydiyyata alınmasına baxmayaraq 3 tenderdə qalib olub. Bu MMC Kənd Təsərrüfatı Nazirliyinə 22 min 760 manatlıq bioloji aktivlər, Mərkəzi Seçki Komissiyasının 3 min 280 manatlıq gübrə, Gənclər və İdman Nazirliyinə isə 19 min 270 manatlıq müxtəlif mallar satacaq.
Murad Həsənovun rəhbərlik etdiyi 3-cü şirkət - “Akasiya RR Corp” MMC isə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi 43 min 60 manatlıq tenderində də qalib olub.
Onu da bildirək ki, 2 ay ərzində 3 tenderin qalibi olan “Sayllon az” MMC-nin qeydiyyatda olduğu ünvanda qısa müddətdə çoxlu sayda şirkətlər qeydə alınıb. Şirkət adlarındakı oxşarlıq da onlar arasında bağlılıq olduğunu göstərir. Məsələn, Murad Həsənovun qanuni təmsilçi olduğu Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC ilə Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də qeydiyyatda olan "Şəfəq RR Company” MMC (VÖEN – 1203483581) şirkətlərinin hər ikisinin adında “RR” var.
Bu şirkətlərin rəhbərləri də eyni zamanda başqa ünvanlarda qeydiyyata alınan bir-neçə şirkətə rəhbərlik edirlər və yeni yaranmalarına baxmayaraq çoxsaylı tenderlərdə qalib olublar.

Elnur Əli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi