azia.az
azia.az

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib

28-10-2023, 11:23

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib. Konfrans Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə baş tutub.

Konfransdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsini yad ediblər. Ümummilli liderin həyat yolunu əks etdirən eksponatlarla tanış olublar. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan konfransı giriş sözü ilə açan Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov 2023-cü il ölkəmiz üçün böyük əlamətdar hadisələrlə yadda qalacağını vurğulayıb. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin Vətənimizin hər yerində təntənəli şəkildə qeyd edildiyini, Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyində suverenliyimizin bütün ərazilərimizdə bərpa olunduğunu söyləyib: “Ümummilli Liderimizin həyatında Naxçıvan xüsusi səhifələrdən birini tutur. “Naxçıvandan başlanan yol” Azərbaycan dövlətçiliyinin qorunmasına, ölkəmizin inkişafına, gələcək uğurlara apardı” – deyərək Konfransı açmaq üçün sözü Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli verib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ümummilli liderin şanlı həyat yolu, dövlət müstəqilliyimizin qorunması istiqamətində gərgin fəaliyyəti, ölkəmizin xarici siyasətinin qurulması və daxili sabitliyin əldə olunması sahəsində gördüyü işlərdən danışıb. F.Nəcəfli prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başlamasından ötən 20 ildə ölkəmizin əldə etdiyi siyasi və iqtisadi uğurları qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib.

“Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə region üçün böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi qardaş Türkiyə ilə logistikada mühüm həlqədir”- deyə F.Nəcəfli qeyd edib.

Səlahiyyətli nümayəndə Naxçıvanın inkişafı üçün qəbul olunan sosial-iqtisadi proqramın əsas istiqamətləri, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, xüsusən də sənaye sektorunun inkişafı üzrə mühüm addımlar atılacağını bildirib: “Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi üçün proqram hazırlanır və Naxçıvanda xüsusi iqtisadi rejimi əhatə edən layihənin üzərində işləyirik”.

O, sahibkarlığın inkişafı, investisiya qoyuluşlarının qarantiyaya alınması və s kimi tədbirlərin Naxçıvanda özəl sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev müasir Azərbaycanın banisi Heydər Əliyevin şərəfli həyat yoluna toxunub. “Bizim üçün önəmli bir tarix də Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin prezident kimi fəaliyyətinin 20 ili tamam olmasıdır. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır” – deyə M.Musayev qeyd edib.

Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, cari ilin 9 ayı ərzində muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 100 milyon manatdan çox kreditlər verilib ki, bunun 4 milyon 197 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb. Fondun kreditlərinin 3 milyon 690 min manatı sənayenin, 492 min manatı kənd təsərrüfatının, 15 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib.

Həmçinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.

Nazir vurğulayıb ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından Naxçıvan Muxtar Respublikasının rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb.

Tapdıq Əliyev bu uğurların əldə edilməsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqram”ının icrasının önəmini vurğulayıb. 

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova kənd təsərrüfatı sahəsində  subsidiyaların verilməsi, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qarşıda duran hədəf kimi investorların Naxçıvana cəlb edilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. Nazir müavini Naxçıvanda orqanik qida məhsullarının becərilməsi üçün ekoloji tarazlığın qorunduğunu bildirib. Orqanik məhsulların yetişdirilməsi üçün artıq yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başladığını vurğulayan X.Dadaşova aqroklastrların yaradılması üçün müvafiq sahələrin seçildiyini və dövlət dəstəyindən istifadə, təşviq sənədləri ilə bağlı əlavə tədbirlərin nəzərdə tutulduğunu bildirib. O, Naxçıvandan kənd təsərrüfatı məhsullarının ixracı və idxalı prosedurlarının tam təmin edildiyini, balıqçılıq, quşçuluq təsərrüfatlarını investisiya tutumlu sahələr olduğunu qeyd edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev çıxışında bildirib ki, hazırda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir. Cari ilin ötən dövründə yaradılmış əlverişli mühit sayəsində sığorta şirkətlərinin sayında da əhəmiyyətli artım olub və hazırda Muxtar Respublikada onların sayı 6-ya çatıb.

“Əlbəttə ki, bu artım göstəriciləri bankların iqtisadiyyatı maliyyəşələşdirmə baxımından da öz töhfəsini verib. Cari ilin ötən dövründə regionda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294 milyon 344 min manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz çoxdur. Verillmiş kreditlərin 35,4 faizi və ya 104 milyon 304 min manatı regionda real sektorun inkişafına yönəldilib, bu da ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur”, – deyə E.Əliyev qeyd edib.

Sonra tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi və sahibkarlar üçün yaradılan müzakirə platforması ilə yekunlaşıb.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi