azia.az
azia.az

Səttar Möhbalıyev məhkəməyə ÇAĞIRILDI

5-09-2023, 00:21

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nadir Əliyev və Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

 News24.az bildirir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Vəkil bildirib ki, təqsirləndirilən şəxslər həm ibtidai istintaqa ifadəsində, həm də məhkəmə istintaqı zamanı ittihama münasibət bildirərkən qeyd ediblər ki, ərazinin satılması ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevlə görüşüblər: “Təqsirləndirilən şəxslər ifadələrində qeyd edirlər ki, bu işi onlar özbaşına görməyib, prosesdə sadəcə maklerlik ediblər. Ona görə də məhkəmə istintaqının obyektiv araşdırılması üçün Səttar Möhbalıyev məhkəməyə çağırılması, iş üzrə ifadə verməlidir”.


Vəsatət indiki mərhələdə baxılmamış saxlanılıb.

Prosesdə qərar qəbul olunub ki, iş üzrə əvvəlcə zərərçəkmişlər ifadə verməli, sonra təqsirləndirilən şəxslər dindirilməlidir.

Proses sentyabrın 26-da davam etdiriləcək.

İttihama görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyində İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun keçmiş direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlər daxil olub.

Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi