İşgəncəyə mane olan zabiti də istintaqa cəlb ediblər
İyulun 13-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, 2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb.
Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfər – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıblar. Təqsirləndirilən şəxslərdən Ülvi Rəşidov və Ziya Kazımov həbsdə deyil.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər ifadə verirlər. Sabah, iyulun 13-də keçiriləcək iclasda Ziya Kazımovun ifadə verəcəyi gözlənilir.
Ziya Kazımov Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenantdır. Onun istintaqa cəlb olunması iş üzrə zərərçəkənlərdə belə etiraz doğurub. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar sübut edir ki, Ziya Kazımovun “Tərtər işi” adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamların əsası yoxdur.
Bir müddət öncə Ziya Kazımovun ailəsi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, polkovnik-leytenant Ziya Kazımova böhtan atılaraq həbs olunub. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadan həbsdə saxlanılır. Müraciətdən sonra onun keçdiyi döyüş yolu, yüksək peşəkar xidməti və təqsirsizliyi nəzərə alınaraq azadlığa buraxılmışdı. Belə ki, 2021-ci il 24 fevral tarixində Ziya Kazımovun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib, barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Bundan sonra polkovnik-leytenant Ziya Kazımov xidmətə qayıdıb və hazırda da öz işini davam etdirir.
Məhkəmə prosesi barədə “Yeni Müsavat”a açıqlama verən Ziya Kazımovun vəkili Bəhruz Bayramov deyib ki, iş üzrə ümumilikdə 90 nəfərdən çox şahid ifadə verib. Həmin şahidlər Ziya Kazımovun təqsirsiz olduğunu bildiriblər: “62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil etsin. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik”.
Ziya Kazımov ibtidai istintaq zamanı verdiyi ifadəsində də ona CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini bildirib. İfadəsində göstərib ki, mərhum leytenant Adil Xeyran oğlu Sabirlini xidmət müddətində tanıyıb.
4 may 2017-ci il tarixdə II Ordu Korpusunun snayper üzrə cavabdeh şəxsi mayor Ülvi Rəşidov həmlə taborunun və snayper bölüyünün yerləşdiyi hərbi şəhərcikdə ona həmlə taborunun və snayper bölüyünün yerləşdiyi binanın zirzəmisində nümayiş dərsi keçmək üçün bir otaq hazırlamaq lazım olduğunu bildirib. Bununla bağlı göstərişin hərbi hissənin komandiri, general-mayor Mayis Bərxudarov tərəfindən verildiyini deyib, o, səbəbini soruşduqda nümayiş üçün dərs keçiriləcəyini söyləyib. Ülvi Rəşidov digər hərbi hissədə sorğulama kursu keçdiyindən və orada sorğulamaq üçün nümayiş otağının hansı qaydada hazırlandığını bildiyindən məlumatlı olduğu üçün həmin məqsədlə göstərişi məhz ona verdiyini düşünüb. O, N saylı hərbi hissədə xidmət edərkən qadağan olunmuş məlumatı bildirməmək üçün təlim xarakterli sorğulanmış, orada o, sorğulanan zaman onu qorxudub danışdırmaq üçün otaqda sadalayacağı bir sıra əşyalar qoyularaq ona nümayiş etdirilib. O, qısa müddət ərzində Ülvi Rəşidovun göstərişinə əsasən otaq hazırladıb, bununla bağlı snayper bölüyünün hazırda xatırlamadığı hərbi qulluqçularına göstəriş verib. Onun göstərişinə əsasən, snayper və həmlə taborlarının yerləşdiyi binanın zirzəmisində sağ tərəfdəki dəhlizdə soldan ikinci otaqda olan əşyalar çıxarılıb, taxta döşəmənin üzərinə torpaq səpilib, pəncərədən işığın qarşısını almaq üçün tünd örtük asılıb, bir stol, bir stul otağın mərkəzinə qoyulub. Otaqda fənəri söndürüb şam, bundan başqa, masanın üstünə qələm və ağ kağız, eləcə də içərisi su ilə dolu olan bir-iki şüşə butulka gətizdirib. Ardınca o, həmin gün snayper bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Ceyhun Abbasova gedib heyvan qanı və bağırsaq gətirməsini tapşırıb, həmin gün bir neçə saat ərzində hərbi şəhərciyə mülki və idman formasında N nömrəli hərbi hissənin bir neçə hərbi qulluqçuları gəlib. Sonradan tanıdıqca həmin şəxslərdən birinin baş leytenant İlkin Ağazadə olduğunu bilib. İ.Ağazadə mayor Ülvi Rəşidovun göstərişi ilə gəldiklərini deyib, o da onlara paltarlarını dəyişib hərbi geyimdə gözləmələrini tapşırıb. Otaq hazır olduqdan sonra Ülvi Rəşidova məruzə edib, sonuncu gəldikdən sonra o, həmin otaqda nümayiş dərsi keçmək üçün, həmçinin tibbi alətlərin və partladıcı KPM cihazının lazım olduğunu deyib. Ülvi Rəşidov bunları təşkil edəcəyini bildirib. O, tibbi alətləri və KPM qurğusunu otağın qorxulu görsənməsi, vahimə yaranması üçün istəyib.
Ertəsi gün, yəni 5 may 2017-ci il tarixdə o, xidmət yerində, yəni snayper bölüyündə olarkən mayor Ülvi Rəşidovun tapşırığına əsasən N nömrəli hərbi hissəyə gedib, hərbi hissənin içərisində Ülvi Rəşidovu görüb, onunla bir qədər söhbətləşib, söhbət zamanı mayor Ü.Rəşidov ona xidməti yerində, yəni snayper bölüyündə olmasını və özünün də oraya gələcəyini bildirib. O, həmin hərbi hissəyə dirijor formasında gəlib, xidmət etdiyi hərbi şəhərciyə daxil olduqdan sonra günorta vaxtı dəqiq xatırlamadığı saatda mayor Ülvi Rəşidov da özünə məxsus “Toyota Prado” markalı, Az 90-RO-608 dövlət qeydiyyat nişanlı maşınla onun xidmət etdiyi hərbi şəhərciyə gəlib, avtomobil hərbi şəhərciyin qərargahının qarşısında dayanıb. Mayor Ülvi Rəşidov və 2 nəfər üzlərində qara maska və əyinlərində qara rəngli forma olan şəxslər maşından düşüb, onlarla birlikdə sonradan adının Cavidan Dadaşov olduğunu bildiyi əsgər gözləri, əli və ayağı açıq vəziyyətdə avtomobildən düşüb, bu zaman həmin şəxslər hərbi şəhərciyin qərargahına daxil olub, əsgər Cavidan Dadaşovu da özləri ilə gətiriblər. Yalnız bundan sonra mayor Ülvi Rəşidov ona həmin əsgərin burada nəzarət altında qalacağını, düşmənə işləyib-işləməməsi ilə bağlı sorğu aparılacağını deyib. Daha sonra o, həmin binanın zirzəmisinə enib, orada dəhlizdə əsgər Cavidan Dadaşovu ayaq üstə divara söykənmiş halda görüb, sonuncunun yanında olan bir nəfər şəxs qara rəngli formada həmin əsgərə nəzarət edib. Həmin qara rəngli formada olan şəxsin kim olmasını bilməyib. Daha sonra o, yenidən yuxarı qalxıb, mayor Ülvi Rəşidova əsgər Cavidan Dadaşovun dəhlizdə nəzarət altında olduğunu bildirib. Bu zaman mayor Ülvi Rəşidov ona bir qədər sonra dəhlizə enib həmin əsgərdən sorğu-sual edəcəyini, heç kimin toxunmamasını bildirib, o da bundan sonra zirzəmiyə enib orada olan 2 nəfər qara maskalı şəxsə Ülvi Rəşidovun tapşırığını çatdırıb. Bir qədər keçdikdən sonra mayor Ülvi Rəşidovla birlikdə zirzəmiyə enib, hazırladıqları sorğu otağına gediblər. Əsgər Cavidan Dadaşov həmin otaqda əli, ayaqları və gözləri açıq vəziyyətdə tək stulda oturub. Otaqda şam yandırmış, şamın kənarları az işıqlı, ətraf isə qaranlıq olub, onlar otağa daxil olanda bir gün öncə mayor Ülvi Rəşidova dediyi tibbi alətlər və KPM markalı qurğu artıq gətirilib və həmin otaqda olub, həmin cihazların kim tərəfindən, nə vaxt gətirilməsini bilməyib. Otağa daxil olanda o, əsgər Cavidan Dadaşovun önündə, mayor Ülvi Rəşidov isə onun sağ tərəfində ayaqüstə dayanıb, ilkin olaraq mayor Ülvi Rəşidov əsgəri danışdıraraq ona suallar verib. Belə ki, o, əsgər Cavidan Dadaşovdan kim olduğunu, leytenant Yusif Məmmədovla düşmən istiqamətinə necə keçdiklərini və orada nə etdiklərini soruşub, əsgər Cavidan Dadaşov da leytenant Yusif Məmmədovla düşmən istiqamətinə keçərək onların mövqelərinə yaxınlaşıb leytenant Yusif Məmmədovun erməni hərbi qulluqçusuna atəş açdığını bildirib.
Həmin vaxt əsgər Cavidan Dadaşova heç bir qanunsuz təsir və təzyiq edilməyib. Bunu dedikdən sonra mayor Ülvi Rəşidov əsgər Cavidan Dadaşova dediklərini yazmağı tapşırıb. Daha sonra o, Ülvi Rəşidovla birlikdə otaqdan çıxıb, yuxarı mərtəbəyə qalxıblar. Onlar birlikdə yuxarıya qalxdıqdan sonra Ülvi Rəşidov yenidən zirzəmiyə enib, daha sonra o, xidməti otağında olan zaman mayor Ülvi Rəşidov əsgər Dadaşovun düşmənlə əməkdaşlıq etməsini etiraf etməsi barədə ona məlumat vermək üçün zirzəmidən bir hərbi qulluqçu göndərib. Həmin hərbi qulluqçunun kim olduğunu xatırlamır. Bundan sonra o, zirzəmiyə enib, həmin otağa daxil olan zaman əsgər Cavidan Dadaşov mayor Ülvi Rəşidovla söhbət edərək düşmən istiqamətinə keçdikdən sonra leytenant Yusif Məmmədovun düşmən mövqelərinin səngərinə girdiyini bildirib. Əsgər Cavidan Dadaşov ancaq Ülvi Rəşidovla danışmaq istədiyini, başqa şəxslərin otaqdan çıxmasını bildirib, onlar da otaqdan çıxıb dəhlizdə gözləyiblər. Daha sonra mayor Ülvi Rəşidov dəhlizə çıxıb əsgər Cavidan Dadaşovun leytenant Yusif Məmədovla düşmənlə əlaqələrinin olduğunu etiraf etdiyini qeyd edib, ardınca da orada olanlara həmin əsgərin yuxarı mərtəbəyə, sinif otağına aparılmasını tapşırıb.
Daha sonra əsgər Cavidan Dadaşov mühafizədə olan qara rəngli forma geyinmiş, üzündə qara rəngli maska olan hərbi qulluqçu tərəfindən sinif otağına aparılıb, o, özü də onun orada yerləşdirilməsinin şahidi olub. Orada əsgər Cavidan Dadaşov üçün yataq yeri hazırladıb və ona yemək veriblər. Bundan sonra leytenant Yusif Məmmədov da hərbi hissənin qərargahına gətirilib, onunla da eyni məzmunlu söhbətlər aparılıb. Sonradan Yusif Məmmədov olduğunu bildiyi şəxs birinci mərtəbəyə aparılıb, orada sorğu-sual edilməsində o, bilavasitə iştirak etməyib, ancaq bəzən maraq üçün dindirmə zamanı girib otaqda proseslərə baxıb, orada olduğu vaxt da Yusif Məmmədova qarşı zorakılıq tətbiq olunmayıb. Y.Məmmədov düşmənlə əməkdaşlıq etmədiyini, əksinə, düşmən öldürdüyünü deyib. Axşam saatlarında Ülvi Rəşidov istirahət üçün N nömrəli hərbi hissəyə gedib, o isə həmin şəhərcikdə istirahət otağında yatıb. Ertəsi gün, yəni 6 may 2017-ci il tarixdə o, xidmət yerində olarkən saat 18 radələrində hazırda xatırlamadığı hərbi qulluqçu ona N nömrəli hərbi hissə komandirinin şəxsi heyətlə işlər üzrə müavini, polkovnik Elşad Əbilovun gəldiyini deyib. O, sonuncunu qarşılamaq üçün çölə çıxan zaman Elşad Əbilova məxsus xidməti avtomobilin dayandığını və maşından Elşad Əbilov, N nömrəli hərbi hissənin adını xatırlamadığı kəşfiyyat rəisi və 702 nömrəli hərbi hissənin komandirinin şəxsi heyətlə işlər üzrə müavinin düşdüyünü görüb. Həmin vaxt Elşad Əbilov avtomobildə daha bir hərbi qulluqçunun olduğunu bildirib və onun gətirilməsini tapşırıb. Özü isə hərbi hissənin qərargahına daxil olub. Ondan sonra avtomobildən leytenant Adil Sabirli əlləri və gözləri bağlı vəziyyətdə gətirilib. O, leytenant Adil Sabirlini xidmət dövründə bir neçə dəfə gördüyündən sonuncunu vizual olaraq tanıyıb, A.Sabirlini zirzəmidə olan otağa aparıblar. Onu kimin aparmasını və bu barədə göstərişi kimin verməsini bilməyib. Daha sonra o, zirzəmiyə düşüb, həmin hazırlanmış otağa gəlib. O, oraya daxil olan zaman leytenant Adil Sabirli yerdə dizi üstə oturub. O, Adil Sabirliyə oturacaq verilməsini istəyib. Qeyd olunan vaxt otaqda üzü maskalı şəxslər olub, həmin vaxt leytenant Adil Sabirlinin stulda otuzdurulmasını desə də, maskalılar onu stulda oturtmayıblar. O, həmin vaxt leytenant Adil Sabirlidən su istəyib-istəmədiyini soruşub. Adil Sabirlinin cavabından belə başa düşüb ki, o özünün sınaqda olduğunu, bu proseslərin də guya sırf onun dözümünü yoxlamaq üçün planlaşdırıldığını düşünüb.
Daha sonra gizir Tural Yunisli ilə birlikdə yuxarı mərtəbəyə qalxıb, leytenant Adil Sabirlinin yanında isə kimin mühafizədə dayandığını bilməyib. Daha sonra Tural Yunisli və Ceyhun Bağırov ondan izahat almaq üçün kağız alaraq gedib, lakin onlara izahat almaları barədə kimin əmr verdiyini xatırlamır. Özü bununla bağlı əmr verməyib. Bir neçə dəqiqə sonra isə o, yenidən zirzəmiyə düşərək leytenant Adil Sabirlinin olduğu otağa daxil olub, həmin vaxt otağın qapısının qarşısında dayanmış İlkin Ağazadəni görüb. O, otağa daxil olan zaman leytenant Adil Sabirlinin əynində kitel və şalvar olub, stolda oturub. Adil Sabirli həmin vaxt ayaqyalın olub. Daha sonra N nömrəli hərbi hissənin qərargah rəisi, mayor Rəşad İsrafilovla ya həmin otaqda, ya da dəhlizdə görüşüb. Rəşadla birlikdə Adilin dindirildiyi otağa girməyiblər. Bundan sonra o, özü Adil Sabirlinin dindirildiyi otağa daxil olduqda Sabirlinin otaqda olan maskalı şəxslər tərəfindən döyüldüyünü görüb. Həmin vaxt Adil Sabirli də yerdə uzanıqlı vəziyyətdə olub, bu zaman Adil Sabirli nə isə deyib, lakin onun nə dediyini hazırda başa düşməyib. Bundan sonra otaqda olan qara maskalı şəxslər yumruq və təpik zərbələri vurmağa davam edib, o, həmin vaxt qara maskalı şəxsləri sakitləşdirməyə çalışıb. Lakin ona məhəl qoymayıb Adil Sabirliyə yumruq və təpik zərbələri vurmağa davam ediblər. O isə onların sözlərinə əhəmiyyət vermədiklərini görüb uca səslə “mənə qulaq asın, dayanın” deyib. Lakin onların qulaq asmadıqlarını görüb “məruzə edəcəyini” deyib otaqdan çıxıb. Daha sonra birbaşa Ülvi Rəşidova məruzə edib, ancaq onun nə cavab verdiyini xatırlamır. Sonra o, kapitan Elgün Əliyevi hərbi hissənin ərazisində görüb yaxınlaşıb, onları yəni həm Elgün Əliyevi, həm də Rəşad İsrafilovu kimin göndərdiyini soruşub. Elgün Əliyev onları komandirin göndərdiyini bildirib. O, onun həmin vaxt komandir deyərkən kimi nəzərdə tutduğunu bilməyib. Yəni həmin vaxt komandiri qərargah rəisi Bəkir Orucov əvəz edib və o, Elgünün komandir deyərkən Bəkiri, yoxsa Mayis Bərxudarovu nəzərdə tutduğunu bilməyib, bununla maraqlanmayıb. Ardınca o, Elşad Əbilovun olduğu otağa gedib, həmin vaxt Elşad Əbilov otaqda Yusif Məmmədovu sorğulayıb və o, bir qədər onun yanında qalıb sorğulanmaya baxıb. Təxminən 40 dəqiqə müddətinə orada oturduqdan sonra öz xidməti otağına gedib, otağında olarkən N nömrəli hərbi hissənin snayper bölüyündən gizir Ceyhun Abbasov onun otağına gəlib və aşağıda, yəni Adil Sabirlinin olduğu otaqda sonuncunu döydüklərini bildirib. O da buna özünün də etiraz etdiyini, orada olanların ona qulaq asmadıqlarını deyib. Ardınca bu barədə mayor Ülvi Rəşidova məruzə etməsini bildirib, C.Abbasov gedib deyəcəyini söyləyib. Həmin gün 22 radələrində hərbi hissəyə N nömrəli hərbi hissənin qərargah rəisi, general-mayor Bəkir Orucovun gəldiyini ona deyiblər. Bu zaman o, xidməti otaqdan çıxıb Bəkir Orucovu qarşılayıb, lakin sonra o, Bəkir Orucovun yanında qalmayıb kənarlaşıb, sonuncunun sonra kiminlə nə söhbət etməsini bilməyib.
Bəkir Orucov çıxıb getdikdən sonra o, heç kimə heç nə demədən hərbi hissəni tərk edərək evə gedib, 7 may 2017-ci il tarixdə saat 3 radələrində Ceyhun Abbasov öz istifadəsində olan hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan 050-709-30-XX nömrəli mobil telefonuna zəng vurub Adil Sabirlinin öldüyünü bildirib. O da həmin vaxt xatırlamadığı avtomobillə hərbi hissəyə gələrək dərhal həmin otağa gedib. Otağa daxil olan zaman orada adam olub. Adil Sabirli otaqda çılpaq vəziyyətdə uzanıb, əlləri açıq olub. O, Adil Sabirlinin nəbzini yoxlayıb, nəbzinin vurmadığını görüb, ona süni nəfəs verib, ürəyini masaj edib, lakin heç bir mənası olmayıb. Sonra o, çölə çıxıb, bu barədə “Motorolla” markalı xüsusi rabitə vasitəsi ilə Bəkir Orucova zəng edib, Adil Sabirlinin öldüyünü bildirib. Bəkir Orucov Adil Sabirlini ya tibb məntəqəsinə, ya da hospitala göndərməyini deyib. Sonra Elgün Əliyevə, ardınca da Ülvi Rəşidova eyni qaydada məlumat verib, bundan sonra Bəkir Orucov ona “Motorolla” markalı xüsusi rabitə vasitəsi ilə zəng edib “Elgünə demişəm, həkim göndərəcək” - deyib, bir neçə dəqiqə sonra hərbi hissəyə hərbi tibbi yardım avtomobili gəlib, Adil Sabirlinin meyitini hospitala aparıb. Meyiti həmin maşına İlkin Ağazadə təhvil verib. Ardınca isə gələn maşının feldşeri tribunanın qarşısında yaxınlaşıb ondan nə edəcəyini soruşub, o isə feldşerə yuxarının göstərişi olduğunu və hospitala aparmalı olduğunu deyib. Feldşer də çıxıb gedib. Ardınca Ülvi Rəşidov gəlib və ondan nə olduğunu soruşub. O isə olanları məruzə edib.
Ziya Kazımov ifadəsində həmçinin göstərib ki, Adil Sabirlini zirzəmidə dindirmə üçün nəzərdə tutulmuş otağa kimin aparmasını bilməyib. O, Adil Sabirlini vurmayıb, əksinə, onun yanında A.Sabirlini döyəndə öz etirazını bildirib. Zirzəmidə dindirmə üçün hazırlanmış sorğu otağında yerə qum tökülüb, su, pinset, naqqaş, elektrik cərəyanı verən qurğu və palçıq olub. Həmlə taborunda, snayper bölüyündə komandir o olub, bu proseslərə kimin rəhbərlik etməsi, nəzarəti kimin həyata keçirməsindən məlumatı olmayıb. Adil Sabirlini döyən maskalı şəxslərin kim olduğunu tam olaraq bilməyib, onlar digər hərbi hissənin hərbi qulluqçuları olublar. Adil Sabirli öldükdən sonra həmin hərbi hissələrdə hansı proseslərin getməsindən xəbəri olmayıb. 2017-ci ilin may-iyun aylarında dəqiq xatırlamadığı tarixdə hazırda tanımadığı vəzifəli şəxs onu N nömrəli hərbi hissəyə çağırıb, o, getdikdə hərbi hissənin ərazisində 60-70 nəfərdən çox adam olub. Tanımadığı rütbəli şəxsin yanına gəlib məzuniyyətə çıxacağını deyib, sonra orada çox qalmayıb, çıxıb gedib. 2017-ci ilin may ayının sonlarında, iyun ayının əvvəllərində N nömrəli hərbi hissədə düşmənlə əməkdaşlıqda şübhəli bilinən korpusun bəzi əməkdaşlarının qanunsuz formada sorğulanmasından məlumatı olmayıb. O, yalnız ora çağırıldıqdan sonra gedərkən bundan məlumatı olub.
Ziya Kazımov ibtidai istintaqa verdiyi ifadəsində baş verən cinayətlərə aidiyyəti olmadığını, verilən əmrləri yerinə yetirdiyini, kimsəyə işgəncə vermədiyini bildirib.
E.MƏMMƏDƏLİYEV,