azia.az
azia.az

"ANKLAV" və "EKSKLAV" nə deməkdir?

2-05-2023, 19:15

Siyasi açıqlamalarda daim "anklav" və "eksklav" terminləri işlədilir. Amma əksəriyyət insan bu terminlərin bəzən mənasını başa düşmür, bəzən də bir-birindən fərqləndirə bilmir.

Bu qısa məlumatda sözügedən terminlərin mənasını izah etməyə çalışacağıq.

Siyasi məkanda tamamilə başqa bir siyasi regionun sərhədləri daxilində yerləşən əraziyə "anklav torpaq" deyilir.

"Eksklav torpaq" isə siyasi olaraq bağlı olduğu bölgəyə coğrafi cəhətdən bağlı olmayan, bu bölgə ilə arasında başqa bir siyasi bölgə olan ərazidir.

Hər iki tərəfə uyğun tərif olsa da, fərqli anlayışlardır.

"C" "B"nin eksklavıdır və həmçinin "A" içərisində olan anklavdır. Əgər "C" müstəqil siyasi region olsaydı, anklav hesab edilərdi, ancaq eksklav olmazdı. 

"C" bölgəsi "B" bölgəsinin eksklavıdır, ancaq anklav deyil. Çünki birdən çox ölkə ilə sərhədi var.

Anklav

Anklav torpaq bir ölkənin başqa bir ölkə tərəfindən mühasirə edilmiş torpaq parçasıdır. Digər dövlət sərhədləri içərisində qalan bu torpaq parçası bir dövlətin torpağı ola biləcəyi kimi müstəqil dövlət də ola bilər.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Azərbaycanın eksklavıdır, həmçinin anklavdır. 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Qazax rayonunun Yuxarı Əskipara və Barxudarlı kəndi də Azərbaycanın eksklavıdır və anklavdır. Yuxarı Əskipara 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Barxudarlı kəndi isə 27 aprel 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib.

Siyasi anklavları olduğu kimi etnik anklavlar da var. Etnik anklavlar isə fərqli mədəniyyətin olduğu bölgələrdə qeydə alınır. Etnik anklavlarda bir mədəniyyət digər bir mədəniyyət sahəsi ilə məhdudlaşdırılımış şəkildə olur. Bu tip ərazilərdə birdən çox dil, din, mədəniyyət müşahidə edilir. Etnik anklavlara gettolar (adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlar. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir), İtaliyadakı kiçik qəsəbələr, gecəqonduların kütləvi olduğu ərazilər və ayrı-ayrı ölkələrdəki çin məhəllələri buna nümunə kimi göstərilə bilər.

Eksklav

Bir dövlətin başqa bir dövlət tərəfindən onunla əlaqəsi kəsilmiş torpağı "eksklav torpaq" adlanır. Eksklav torpağa Naxçıvan Muxtar Respublikası nümunə göstərilə bilər. Ermənistanın sərhədlərinin təşkil etdiyi region vasitəsilə Naxçıvanın Azərbaycanla əlaqəsi kəsilib və bundan əlavə, İran və Türkiyə ilə də sərhədləri var. Buna görə də Azərbaycanın eksklavı olmasına baxmayaraq, bir neçə ölkə ilə sərhədi olduğu üçün anklav deyil.

XXI əsrdə rabitə əlaqələri və texnologiyanın inkişafı eksklav torpaqlar arasında ünsiyyətin asanlıqla aparılmasına imkan yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi