Laçından keçən sülhməramlı və BQXK maşınlarında nələr daşınır?...
Şuşa-Laçın yolunda Azərbaycan fəallarının, QHT təmsilçilərinin davam edən dinc aksiyası zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sərbəst hərəkətinə şərait yaradılır. Hər gün bu qəbildən olan bir neçə avtomobilin maneəsiz şəkildə hərəkəti təmin edilir.
Ermənistandan Laçın yolu vasitəsilə Xankəndiyə, Xankəndidən də Ermənistana hərəkət edən və humanitar xidmət göstərdiyi deyilən Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərdə əslində nələr daşındığı suallar yaradır. Azərbaycan cəmiyyətində şübhələr yaranır ki, ola bilsin, bu avtomobillərdən separatçılar öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etsinlər. Təchizat, humanitar yardım adı altında ərazidə hərəkət edən maşınlarda daşınan yüklərə insanlarımız şübhə ilə yanaşırlar. Əlbəttə, insanlarda şübhə yaradan bu məsələlərə aydınlıq gətirilməlidir.
Bildiyimiz kimi, vətəndaş cəmiyyəti institutunun rəhbərləri, aktivləri mütamadi olaraq hadisə yerində olub prosesləri canlı şəkildə izləyir, proses davam edir.
Müsahibimiz İSBAM sədri Samir Adıgözəlli də azərbaycanlı fəalların dinc aksiyasında iştirak edib və Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkətlərini izləyib.
Samir Adıgözəlli də təsdiqlədi ki, dinc aksiyanın əsas tələblərindən biri o olub ki, ərazidə ayrıca nəzarət postları yaradılsın və ərazimizə gələn, eləcə də ərazimidən çıxan maşınlar bir-bir yoxlanılsın. Ora Azərbaycanın suveren ərazisidir. Ermənistandan gələn yüklər və Xankəndidən gedən maşınlar ciddi şəkildə yoxlanılsın. Gün ərzində, 8-10 və digər sayda sülhməramlıların maşınları keçir. Biz bilmirik ki, onların içində nə aparılır? Nə bilək ki, o maşınlarda təkcə dava-dərman, tibbi ləvazimatlar, humanitar məqsədlə başqa vasitələr, qida məhsulları aparılır, yoxsa onların içində başqa şeylər də var. Bu bizim üçün şübhəlidir. Hərbi maşınlar yüklənib bizim ərazilərdən çıxır, yaxud bizim ərazimizə daxil olur, biz bilmirik ki, onlar silah gətirirlər, ya yox? Bəlkə onlar ölkəmiz əleyhinə olan hansısa bir vasitə gətirlər. Bu şübhələr ciddi hal almaqdadır. Azərbaycan aksiyaçıları hümanitar məqsədlər üçün hər cür şərait yaradıldığını bəyan edib. Azərbaycan ictimaiətçiləri dinc aksiyanın ilk günündən humanitar məqsədlər üçün yolun açıq olduğunu deyiblər. İndiyə qədər xəstələr keçirilib, başqa humanitar məqəsdli işlərin görülməsinə şərait yaradılıb. Amma biz sülhməramlıların, Qızıl Xaçın maşınlarının içində nələr aparıdığını bilmirik, yoxlanılma aparılmadığı üçün yüklərin tərkibi bizdə şübhə doğurmaya bilmir.
İradə SARIYEVA