azia.az
azia.az

Vəkildən reket jurnalistlər və şantaj edənlərlə bağlı SƏRT AÇIQLAMA: “Onlar cəmiyyətdən təcrid olunmalıdır”

28-07-2022, 21:26

Vəkildən reket jurnalistlər və şantaj edənlərlə bağlı SƏRT AÇIQLAMA: “Onlar cəmiyyətdən təcrid olunmalıdır”
Baş prokuror Kamran Əliyev müsahibəsində reket jurnalistika və şantaja məruz qalan şəxslərlə bağlı fikirlər səsləndirib.

Onlarla mübarizə formasından, eləcə də tək mediada deyil, bir çox sahələrdə hədə-qorxu gəlməkdə insanların nüfuzuna xələl gətirən şəxslər barəsində qanunla ciddi tədbirlərin görülməsini diqqətə çatdırıb.

Bəzən vətəndaşlar bu kimi problemlə qarşılaşanda öz hüquqlarını müdafiə edə bilmirlər. Zərərçəkmiş tərəf nüfuzuna xələl gətirən şəxs və ya qurumdan öz haqqını hansı formada tələb edə bilər?

Eyni zamanda CM-nin hədə qorxu ilə tələbetmə maddəsi üzrə qanun pozuntusuna yol verən şəxsləri hansı cəzalar gözləyir?

Ümumiyyətlə bu kimi qanun pozuntusuna yol verən şəxslər barəsində qanunvericilikdə daha ağırlaşdırılmış maddələrin əlavəsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov qeyd edib ki, cəmiyyəti narahat edən bu problemlərə baş prokurorun şəxsən reaksiya verməsi təqdirə layiqdir:

“Təəssüf ki, zaman-zaman cəmiyyət reket jurnalistlərin fəaliyyətindən əziyyət çəkir. Təbii ki, bu kimi məqamlar yalnız jurnalistikada müşahidə edilmir. İnformasiya ilə işlədikləri üçün informasiya sperkulyasiyasına yol verilir. Bu hər kəsə şamil edilmir, istisnalar hər zaman var. Onlar bu informasiyalardan öz mənfəətləri, mənfi niyyətləri üçün istifadə edirlər. Bu yolla insanları şantaj edirlər, daha doğrusu desək hədə-qorxu ilə tələbetmə cinayətini törədirlər. Bu şəxs və ya şəxslər barəsində qanunvericilik normaları çərçivəsində tədbirlərin görüldüyünün də şahidi oluruq. Hətta məsuliyyətə cəlb edilənlər kifayət qədər olsa da, zaman-zaman həmin şəxslərin bu kimi addımları təkrar etdiklərinin şahidi də oluruq. Cəzanın verilmə səbəbi şəxsin törətdiyi əməlin qanun pozuntusu olduğunu anlaması və eyni zamanda cəmiyyətdə bu kimi davranışların başqa şəxslər tərəfindən təkrarlanmasının yolverilməz olduğunu çatdırır”.

Vəkil onu da əlavə edib ki, Azərbaycan qanunvericiliyi kifayət qədər təkmilləşdirilib:

“Zaman-zaman dünyada gedən proseslərə uyğun olaraq qanunvericiliyə də əlavələr edilir. Qeyd edim ki, Cinayət Məcəlləsinin 182 maddəsi (hədə-qorxu ilə tələbetmə) kifayət qədər ciddi cəza tədbirlərini nəzərdə tutur. Bu maddəyə əsasən müxtəlif istiqamətlərdə zərəçəkmiş və toplanan materiallara hüquqi qiymət verilməsində ciddi müddəaları əhatə edir.
CM-nin 182-ci maddəsi dörd bənddən ibarətdir. Onun birinci bəndinə əsasən şəxsi 3 ildən 5 ilə qədər, ikinci hissədə 5 ildən 10 ilə qədər, üçüncü bəndə əsasən isə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Son illər qanunvericiliyə külli miqdar anlayışı əlavə edilib. Bu xüsusilə, zərərçəkmişə 500 min manatdan artıq zərərvurma halında qarşı tərəfi 13 ildən 17 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Bir insan onu 13 ildən 17 ilə qədər cəza gözlədiyini bilə-bilə hədə qorxu ilə, şantajla məşğul olursa, demək ki o insanı cəza tədbirləri ilə islah etmək mümkün deyil. Təbii ki, bu cür hallarda cəza effektiv rol oynamır, amma bu o demək deyil ki, dövlət o şəxslər barəsində heç bir tədbir görmür. Biz bu kimi halların şahidi olduğumuz üçün bilirik ki, bu şəxslər barəsində ağır məsuliyyət tədbirləri görüləcək”.

“Texnologiya dövründə yaşayırıq və ətrafda, sosial şəbəkələrdə çox ciddi informasiyalar yayıla bilir. Yalnız şəxslərə qarşı deyil. Vətən müharibəsi müddətində informasiya mübadiləsində yanlış məlumatların qarşısının alınması istiqamətində çox ciddi tədbirlər görüldü. Bütün bu hədə qorxu ilə tələbetmə cinayətləri də informasiya təhlükəsizliyi ilə bağlı məsələlərlə bağlıdır. Hər kəsin informasiya təhlükəsizliyi dövlət tərəfindən qorunur. Cinayət Məcəlləsində kifayət qədər məsuliyyət və cəza tədbirləri nəzərdə tutulub. Normal təfəkkürlü insanlar üçün bu kifayət edir ki, onlar qanun pozuntusuna yol verməsin. İnsanlar bu tədbirlərdən çəkinmirlərsə, məsuliyyətin, cəza tədbirlərin ağırlaşdırılması da onlara heç bir effekt verməyəcək. Düşünürəm ki, bu tip insanlar ümumiyyətlə cəmiyyətdən təcrid edilməlidir. Yalnız onların azadlıqdan məhrum edilməsi ilə cəmiyyəti bu kimi neqativ hallardan təmizləmək olar”, - deyə vəkil sonda qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi