azia.az
azia.az

“Sahibkarlar bu portaldan mənfəət götürəcəklər” - Azər Badamov

28-04-2022, 10:42

“Sahibkarlar bu portaldan mənfəət götürəcəklər” - Azər Badamov
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərar “Dövlət satınalmaları haqqında” Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanıb.

Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb. Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin bu qərarını Redaktor.az-a şərh edən deputat Azər Badamov bildirdi ki, bu qərara əsasən satınalmalar üçün elektron portal yaradılır:

“Baş nazir qapalı dövlət müəssisələrinin və təşkilatların ərzaq satınalmalarında dəyişikliklərin edilməsi ilə bağlı qərar imzalayıb. Biz bilirik ki, dövlət müəssisələrinə ərzaq məhsulları satınalmalar yolu ilə alınır. Müvafiq qərarda bu satınalmaların elektron qaydada həyata keçirilməsi nəzərdə tutulub. Yəni elektron kənd təsərrüfatının alt sistemi olan ərzaq məhsullarının dövlət sifarişi üzrə satın alınması elektron portalı yaradılır”.

Deputat hesab edir ki, bu protal qiymətlərdə rəqabət yaradacaq:

“Bu portal vasitəsilə həm tədarüklə mal satmaq istəyən və ya istehsal edən kiçik və orta fermerlər, sahibkarlar öz mallarını həmin portalda yerləşdirəcək və dövlət büdcəsi vasitəsilə həmin portaldan məhsullar alınacaq. Burada rəqabət mühiti formalaşacaq. Yəni hər bir mal istehsalçısı və ya satan müəyyən olunmuş portalda öz məhsullarını bəyan etməklə, göstərməklə satış prosesində iştirak etmək imkanını əldə edir. Həmin elektron portal vasitəsilə alıcılardan ərzaq məhsullarının alınması, həm də burada rəqabət mövcud olacaq ki, orada qiymətlərin rəqabətli şəkildə formalaşmasına imkan verəcək, yol açacaq”.

Azər Badamovun sözlərinə görə, sahibkarlar bu portaldan mənfəət götürəcəklər:

“Əsas odur ki, kiçik və orta fermerlər öz mallarını sərbəst şəkildə realizə etmək imkanı əldə edir. Yəni bu portal olmayanda fermerlər mallarını sərbəst şəkildə bazarlarda satmaqla öz satışlarını həyata keçirirlər. Amma elektron portal yaradıldığı halda bu da bir növ kiçik və orta fermerlərə öz məhsullarının realizə etmək, satılması üçün yeni yaradılacaq imkan olacaq. Bütün istehsalçı şirkətlər, kim istehsal edirsə, öz istehsal etdiyi məhsulunu həmin platformada təqdim etmək imkanı əldə edir”.

Deputatın fikrincə, bu elektron portal korrupsiyanın aradan qaldırılmasına öz töhvəsini verəcək:

“Müəyyən olunmuş qiymətlər həmin platformada göstəriləcək. Həmin qiymətlərlə də dövlət büdcəsi vəsaiti hesabına alınacaq. Qiymətlərin müəyyən olunması və təqdim olunmasında fermerlərlə birbaşa təmas, insan faktoru minimumlaşır. Elektron portal olmadığı halda canlı satınalma olanda birbaşa təmas yaranırdı, müəyyən korrupsiya hərəkətlərinə yol verilə bilər. Amma burada elektron portal vasitəsilə konkret şəkildə qiymət müəyyənləşir. Fermer də öz həcmlərini orada qoyur. Dövlət büdcəsi vasitəsilə həmin həcmlər müəyyən olunmuş qiymətlərlə alınacaq və korrupsiya hallarının baş verməməsinə və satınalma prosesinin şəffaflaşmasına öz təsirini göstərəcək, öz töhvəsini verəcəkdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi