Naxçıvanın yoxa çıxmış sakinindən 150 saatdır xəbər yoxdur: - Ümidlər tükənir
Naxçıvan MR-in Ordubad rayonu, Gilançay kəndinin 61 yaşlı sakini İmran Nağıyevin yoxa çıxmasından 150 saata yaxın vaxt keçir. Nağıyevdən isə heç bir xəbər-ətər yoxdur. Ovqat.com-un Naxçıvan MR DİN-dəki mənbələrdən və itkin düşmüş İmran Nağıyevin yaxınlarından əldə etdiyi məlumatlara görə, vaxt uzandıqca Muxtar Respublikada sinirlər gərilir və Nağıyevin ailəsinə təzyiqlər artır.
İmran Nağıyevin Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsində ağır işgələncələrə məruz qaldıqdan sonra Ermənistana qaçmağa qərar verdiyi güman olunur.
Məlumata görə onun həyat yoldaşı Xanım Nağıyeva bir neçə gün əvvəl Ordubad Rayon Polis Şöbəsinə dəvət olunub. Ordubad RPŞ-də Xanım Nağıyevadan ərizə yazmasını xahiş ediblər. Ərizənin məzmunu isə Nağıyevlər ailəsinin evində axtarış apararkən güya əvvəlcədən ailə bu axtarışa razılıq verib formasında olmalıymış. Bunun səbəbi isə Naxçıvan Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun göstərişi ilə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarının mənzildə yaşayanların iradəsi zidd olaraq zorla evə daxil girib axtarış aparmalarıdır.
İmran Nağıyevin tapa bildiyimiz fotosu
Saytımız vasitəsilə məsələ ictimailəşdirildiyindən və geniş rezonans doğurduğundan Naxçıvan Daxili İşlər naziri özünü sığortalamaq məqsədi ilə ailənin güya razılığı alındıqdan sonra evdə axtarış aparıldığını əsaslandırmağa çalışır. Rəşad İsmayılov bu əməli ilə qanunsuz gördüyü işlərə qanun donu geyindirmək istəyir. Amma yenə də bir xeyri yoxdur. Fakt budur ki, İmran Nağıyevi saxlayan Ordubad Polis İdarəsi deyil, Naxçıvan 1 saylı ŞPİ-dir. Üstəlik, İ.Nağıyevin saxlanılması üçün məhkəmədən rəsmi izn də alınmayıb. Hər iki vaxt ciddi qanun pozuntusudur və qanunsuzluğu törədənlərin Nağıyevlər ailəsinin razılığı ilə evdə axtarış aparmaları inandırıcı deyil. Axı məhkəmənin belə, səlahiyyətlərini mənimsəyən, iradəsini heçə sayan Naxçıvan polisinin hansısa bir ovçunun ailə üzvlərinə nəzakətlə yanaşması nə dərəcədə mümkündür?
Muxtar Respublika DİN-dəki mənbələrimizin bildirdiyinə görə, İmran Nağıyevin tapılması ümidləri artıq tükənmək üzrədir. Nazir Rəşad İsmayılov həm də bu xəbərlərin doğurduğu rezonansın qarşısını almaq məqsədi ilə Ordubad dağlarında axtarış aparan polis əməkdaşlarını geri çağırıb. Halbuki, şəxsən Rəşad İsmayılov İmran Nağıyevi əllərindən qaçıran, "qulaq" ləqəbi ilə tanınan Elçin, Şahmar və Salman adlı polis əməkdaşlarına onu tapıb gətirməyənə qədər dağdan enmə qadağası qoymuşdu. Onların isə gecələrini gündüzlərinə qatıb Ordubaddan tutmuş Culfayadək gəzmədikləri dağ zirvəsi, qaya, mağara qalmamışdı.
P.S. Növbəti yazımızda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin (əvvəllər bu şöbənin adını gizli saxlayırdıq, lakin Naxçıvan DİN də keçirilən müşavirədə Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov bu şöbə haqqında ictimaiyətə geniş məlumat verdi) rəisi Tofiq Qarayev, əməliyyatçı Asəm Kazımov (hansı ki, Ovqat.com-un Baş redaktorunun barmağını qırmağı öz həyatının ən ümdə devizinə çevirmişdi) və serjant İmran Əşrəfovun Şərur rayon sakinlərindən narkotik istifadə etmələri ilə bağlı külli miqdarda pul almaları və bu pulu Rəşad İsmayılova göndərmələri ilə bağlı geniş məqalə dərc edəcəyik.
Mənbə:My Webpage