azia.az
azia.az

Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu – Layihə hazırlamağa bir milyona yaxın vəsait alacaqlar

8-04-2022, 14:00

Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu – Layihə hazırlamağa bir milyona yaxın vəsait alacaqlar
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti keçirmiş olduğu iki tenderin nəticələri barədə 07.04.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlama verib.

Köhnə Xan qızı və P-O ka­nallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 900 009.6 manat məbləğində satınalma müqaviləsini “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

Qızlıq kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 415 714 manat məbləğində satınalma müqaviləsini “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

İkinci tenderin qalibi,”PRO TECHNİCAL CONSULTİNG” MMC-nin barəsində açıq mənbələrdə geniş bir məlumat görsənmir. MMC-nin veb saytında isə bildirilir ki, hər növ layihələndirmə, texniki məsləhət işlərinə lisenziyası olan aparıcı mühəndislik, layihələndirmə və texniki məsləhətçi şirkətdir. Şirkətin Bakıda, Azərbaycanın müxtəlif regionlarında, eləcə də xarici ölkələrdə: Səudiyyə Ərəbistanı, BƏƏ – Dubayda fəaliyyət gostərdiyi bildirilir. Daha çox yaşayış binalarının layihələndirilməsi üzrə ixtisaslaşması görsənir. Məlum olan odur ki, MMC qalib elan olunduğu bu tenderdən bir gün əvvəl, bu qurum tərəfində keçirilmiş və 06.04.2022-ci il tarixdə açıqladığı 591 298 manat məbləğində daha bir tenderin qalibi olub. 2021-ci ildə isə Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş 263 917 manat məbləğində 3 tenderin qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.04.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 71, m. 21, qanuni təmsilçisinin isə Hacıyev Bəxtiyar Vahid oğlu olduğu göstərilir.

Keçək Köhnə Xan qızı və P-O ka­nallarının layihə sənədlərinin hazırlanmasına. Torpaq məcrada tikilmiş bu kanalın uzunluğu 64,5 km-dir. Yenidənqurma layhəsinin hazırlanmasına isə nə az, nə də çox, bir milyon manata yaxın vəsait ayrılıb. Bu günə qədər Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş cəmi bir tenderin qalibi olan bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 04.08.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 39, m. 55, qanuni təmsilçisinin isə Sultanov Akif Qara oğlu olduğu göstərilir.

Sultanov Akif Qara oğlu kimdir?

Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə 15 may 2013-cü il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuş bir şəxs.

Bu şəxsin konkret olaraq “Azdövsutəslayihə” İnstitutunun işçisidir. Həm də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində sədri Zaur Mikayılov olan Elmi-Texniki Şuranın üzvüdür. Bu şəxsin oğlu Sultanov Nicat Akif oğlu isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “İnformasiya, idarəetmə sisteminin inkişafı” sektorunun müdiridir. Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov da “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində Elmi-Texniki Şuranın üzvüdür.

Bu isə o deməkdir ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender Komissiyası satınalma müqaviləsini rəhbərliklə daim təmasda olan, bəlkə də hər gün bir yerdə yeyib, içdikləri Akif Sultanova məxsus MMC ilə bağlayıb.

Amma qanun nə deyir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi deyir ki, Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir;

Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:

Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;

Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.

Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.

Göründüyü kimi Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin qalib elan etdiyi “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, yaxud da direktoru Akif Sultanov tenderi keçirən qurumun, yəni “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsidir və asılılığı var.

Bəs necə olur ki, Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Tender Komissiyası birdən-birə “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” MMC-ni qalib seçir. Axı bu qurumun indiyə qədər həyata keçirdiyi layihələri “Azdövsutəslayihə” İnstitutunun hazırlamışdır. Hansı ki, bu İnstitut 2022-ci ilin təkcə fevral ayında TİƏ-nin hazırlanması və layihələndirmənin həyata keçirilməsi üzrə ümumi olaraq 3 773 494 manat məbləğində 4 tenderin qalibi olub. Nə oldu ki, bu dəfə qalib “Azdövsutəslayihə” İnstitutu deyil, onun əməkdaşına məxsus MMC oldu? Bəlkə elə bu MMC-ni də “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayev yaradıb? Gözdən pərdə asmaq üçün işçisinin adına.

Axı ölkə Prezidenti İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Xatırladaq ki, Prezident İlham Əliyevin irad tutduğu səmərəsiz layihələrin kimlər tərəfindən irəli sürülürməsi, bu layihələrin kimlər tərəfindən hazıırlanması barədə elə həmin dövrdə yazmışdıq və qeyd etmişdik ki, layihələr birbaşa “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən hazırlanır. Hazırlanan bu layihələrin səmərəli olmadığını ölkə başçısı da açıqladı. Amma…

Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin belə faydasız layihələrdən qazanc əldə etməsi bu gün heç kimə sirr deyil. Bu qazancın səsi Avropanın bir çox ölkələrindən, müxtəlif şəhərlərindən gəlməkdıdir. Görsənən odur ki, yeni sədr Zaur Mikayılov da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri kimi varlanmaq eşqinə düşüb. Nə çoxdu Səhmdar Cəmiyyətin pul çıxarmalı qurumları. Amma yeni sədr ən rahat yolunu tapıb. Elə Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru, keçmiş sədrin ən yaxın adamlarından olan Ramiz Vəkilovla, “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayevlə işbirliyi qurmaq daha rahat və əlverişlidi. Onlar buradan asan qazanc əldə etməyin yolunu yaxşı bilirlər. Belə olmasaydı Zaur Mikayılovun işçisi özlərinin keçirdiyi tenderdə necə qalib ola bilərdi. Şübhələnməyə əsas var, deyilmi?

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi