azia.az
azia.az

“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”

22-03-2022, 19:44

“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”

Xəbər verildiyi kimi Azərbaycanın cənub bölgəsində martın 19-dan etibarən yağan aramsız yağışlar fəsadlar törədib. Çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində xüsusilə Cəlilabad və Masallı rayonunun bir çox kəndlərində evləri, həyətyani və əkin sahələrini su basıb. Bir neçə kənddə mal-qaranı, toyuq-cücəni sel aparıb.



Sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, Cəlilabadın Uzuntəpə, Muğan, Kövüzbulaq kəndlərində, Göytəpə şəhərində, eləcə də Masallının Təklə, Xırmandalı, Boradigah qəsəbəsində sel suları bir metrə qədər yüksəlib. Cəlilabadın Uzunpətə kənd sakinləri bildiriblər ki, evləri su altında qalıb, toyuq-cücələrini sel aparıb.

“Qısa müddətdə evi su basdı, canımızı götürüb güclə qaçdıq. Yəqin ki, əşyalarımız zay oldu, soyuducu, televizor işləməyəcək. Mal-qaranı birtəhər çıxara bildik, amma toyuq-cücə selin altında qaldı”, - Amil adlı sakin deyib. O əlavə edib ki, hələlik evlərə, həyətlərə dolmuş su çəkilməyib, buna görə də dəymiş zərər bəlli deyil. Əkin sahələrinə də su dolub, bitkilər zay olub.

Cəlilabadın Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndlərində də vəziyyət eynidir. Sakinlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib. Hazırda yerlərdə dəymiş zərərlə bağlı müraciətlər toplanılır.



Masallının Xırmandalı kənd sakinləri bildiriblər ki, xilasedicilər vaxtında yetişməsəydilər fəlakət baş verərdi. Ekskavator vasitəsilə kanallar açılıb, sel sularının daha çox evi ağuşuna almasına imkan verilməyib. Bununla belə kəndin onlarla evləri su altında qalıb, bir çoxları heç mal-qaranı tövlədən çıxara bilməyib. Hazırda heyvanların aqibəti bəlli deyil.

Kəndin icra nümayəndəsi Məhəmməd Yusifovun sözlərinə görə, kənd elə ərazidə yerləşir ki daim subasmaya məruz qalır. Buna görə də əvvəldən 30 kilometrə yaxın qazıntı işləri aparılıb, kanallar təmizlənib ki, subasma olarkən kənd çox ziyan çəkməsin. Hazırda yağış dayanıb, suyun səviyyəsi yarım metrə qədər azalıb: “Su daha çox həyətyani sahələrə dolmuşdu, amma tez də çəkildi. Buna baxmayaraq bostan sahələri zərər çəkdi, badımcan sahələrini su yudu. Hazırda dəymiş zərərin miqdarı müəyyənləşdirilir”.

Təklə kəndində isə yüzlərlə toyuq-cücənin tələf olduğu bildirilir. Sakinlər deyirlər ki, toyuq-cücə, mal qara üçün saxladıqları yemlər su altında qalıb, yararsız hala düşüb.



Təklə kənd icra nümayəndəsi Tural Bəşirov deyib ki, taxıl və kartof sahələrini su basıb. Taxıl sahələri çox da ziyan çəkməyib, amma kartof sahələrini su yuyub: “Daha çox həyətyani sahələri su basıb, amma dünəndən su çəkilməyə başlayıb. Dəymiş zərərlə bağlı hesabat hazırlanır, yaxın vaxta icra hakimiyyətinə təqdim edəcəyik. Daha çox kartof sahələri ziyan çəkib”.

Boradigah kənd icra nümayəndəsi Rasim Əsgərov isə bildirib ki, hazırda sahələrə baxış keçirilir, su çəkilir. Dəymiş zərərlə bağlı siyahı hazırlanır, son məlumatları da əlavə edib icra hakimiyyətinə verəcəklər. Hələlik müraciətlər davam etdiyindən dəqiq rəqəm söyləmək çətindir. Bu gün yağış yağmır, amma hava çiskinlidir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə bildirib ki, martın 22, 23 və 24-də Lənkəran-Astara bölgəsində, Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir. Yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.

Qeyd edək ki, cənub bölgəsinin dağlıq ərazilərinə güclü qar yağıb və bəzi yerlərdə qarın qalınlığı 70 sm-1 metrə qədər olub. Yaxın günlərdə havaların isinəcəyi gözlənildiyindən bu qar örtüyü sürətlə əriyəcək və bu səbəbdən yeni daşqınların olacağı istisna deyil.

Ü.Xudiyeva
“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”
“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”
“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”
“Qəfildən evi su basdı, canımızı götürüb qaçdıq...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi