azia.az
azia.az

AMEA-nın sözçüsü Musavat.com-a DANIŞDI: "Onun gedişi..." MÜSAHİBƏ

16-02-2022, 08:46


Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Musavat.com-un suallarını cavablandırıb.
AMEA-nın sözçüsü Musavat.com-a DANIŞDI: "Onun gedişi..." MÜSAHİBƏ
- Ramiz Mehdiyevin istefasından sonra AMEA Prezidenti vəzifəsini icra edən varmı?

- Prosedur belədir ki, Ramiz müəllimin istefa ərizəsi ölkə Prezidentinə göndərilməlidir. Cənab Prezident istefa ərizəsini imzalasa-qəbul etsə, bundan sonra AMEA-nın Rəyasət Heyəti toplaşacaq və Ramiz Mehdiyevi kimin əvəzləyəcəyi müəyyənləşəcək. Hələlik istefa ərizəsi imzalanmadığı üçün bu barədə bir fikir yoxdur.

- Siz mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyin edilmisiniz. Ramiz Mehdiyevlə bu müddətdə iş fəaliyyətiniz çətin olmadı ki?

- Bəli, mən bu işimə cəmi 9 gündür təyin olunmuşam. Bu müddət ərzində də mən birbaşa Ramiz Mehdiyevlə ünsiyyət saxlamamışam. Hər hansı bir sual olanda, hər hansı bir məsələ ilə bağlı yalnız köməkçiləri vasitəsilə əlaqə saxlamışam. Bir də, sadəcə görüşlər olanda vəzifəmə uyğun olaraq görüş barədə məlumatları yazmışam. Yəni bu müddətdə fəaliyyətdə nə çətinlik, nə asanlıq olub… Bu, mənim üçün jurnalistika işidir. Mətbuat xidməti struktur olaraq KİV kimi bir şeydir. Bir KİV-də işləyəndə çoxsaylı yerlərdən, ünvanlardan xəbər toplayırsan, paylaşırsan, burada isə konkret bir sahənin fəaliyyəti barədə məlumatları toplayıb ictimaiyyətə çatdırırsan. Burada mən jurnalistika ilə məşğulam. Mənə məlumat verilir, mənim də vəzifəm budur ki, onu ictimaiyyətə çatdırım. Burada hansısa çətinlikdən və ya asanlıqdan söhbət getmir.

- Niyə AMEA-da iş təklifinə razılıq verdiniz? Kim dəvət etmişdi?

- Mən iş axtarışındaydım. Dostlarımdan biri də dedi ki, AMEA-da mətbuat xidmətinə rəhbər axtarırlar. Mənə belə bir təklif gəldi. Mən də gəldim, danışdım, təcrübəmə baxdılar, araşdırdılar, mətbuat xidməti üçün uyğun olduğumu düşünüdlər və məni işə götürdülər. Yəni iş axtaran adam kimi təklif olunan işi qəbul eləmişəm. Kim olsa, yəqin ki, qəbul edərdi. AMEA hörmətli bir yerdir, elm adamları ilə baş-başa çalışmaq maraqlıdır.

- Maaş almısınız, yoxsa zaman çatmadı?

- Qeyd etdiyim kimi cəmi 10 günə yaxındır burada çalışıram. Təbii ki, 10 gündə mənə maaş verilməyəcək, maaşı almamışam. Ümid edirəm ki, ayın sonu alaram.

- Siz də istefa verəcəksiniz?

-Mən niyə istefa verim ki? Bayaq qeyd etdiyim kimi, mən jurnalistəm, ictimaiyyətə Akademiya ilə bağlı xəbərləri çatdırıram. Ümid edirəm ki, işlədiyim qısa müddət ərzində jurnalistlər məndən razıdırlar. Burada çalışmağı düşünürəm. Ümid edirəm ki, AMEA Prezidenti vəzifəsinə kim gəlsə də, mənimlə işləməyə qərarlı olar. Çünki mən işimi bilən adamam və çalışıram ki, işimi yüksək səviyyədə yerinə yetirəm.

- Mehdiyevin gedişinə şərhiniz nədir?

-Mehdiyevin gedişinə şərh vermək mənə düşməz. Demək, o, belə uyğun görüb və getmək qərarı verib. Mənim də üzərimə düşən qərara hörmət eləməkdir.

Etibar Seyidağa,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi