Daha dörd icra başçısı yola salınır – Abıyev, Məmmədov, Qaraşov, Mikayılov
Prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi təyin etsələr də, xanım Gülməmmədova heç bir vəzifəyə təyinat almayıb. Bununla da Azərbaycanda xanım icra başçılarının sayı birə enib – Naxçıvan MR Sədərək rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva. İxtisasca həkim olan İ.Gülməmmədova buna qədər Abşeron rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, müavini, ondan öncəsi isə başçı olduğu rayonun uşaq poliklinikasının baş həkimi vəzifələrində çalışıb.
Qeyd edək ki, ölkə televiziyalarına son müsahibəsi zamanı Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edərək, onları ləyaqətlə işləməyə dəvət edib. SİTAT – Məmur-vətəndaş təmasları da, yəni harada korrupsiya imkanları var, minimuma endirilməlidir. Bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin – SİTATIN sonu.
Məlumat üçün bildirək ki, bu dövlət başçısının məmurlara ilk xəbərdarlığı deyil və bundan öncə də Prezident dəfələrlə bununla bağlı mesajlar verib. Məhz bu xəbərdarlıqdan bir həftə sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
Hokm.az-ın əldə etdiyi məlumata görə, icra başçılarının vəzifədən azad edilməsi bununla yekunlaşmayacaq və qarşıdakı dövrdə daha dörd icra başçısı yola salınacaq.
Hokm.az onların siyahısını təqdim edir:
Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov.
İki ildən artıqdır bu vəzifədə çalışan Ş.Məmmədov buna qədər 14 il Bərdə rayonuna, ondan öncə isə bir il Samux rayonunda rəhbərlik edib. İxtisasca iqtisadçı olan Şahin Məmmədov komsomol təşkilatçısı kimi fəaliyyətə başlayıb və barəsində ən çox tənqid səsləndirilən rayon rəhbərlərindən biridir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayıllov:
Qaradağ, Lənkəran, Yardımlı rayonlarına rəhbərlik etmiş Mikayılov 12 ildir ki, paytaxtın əsas sərhəd rayonunun başçısıdır. Eyni zamanda bu rayon ərazisinə görə, Bakının ən böyük rayonu hesab olunur. Uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olan icra başçısı eyni zamanda Azərbaycan Boks Federasiyasının da vitse-prezidentidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev:
11 ildir Daşkəsən rayonuna rəhbərlik edən Ə.Abıyev 1995-2010-cu illərdə Milli Məclisin ən qalmaqallı deputatlarından olub. Masallı Konserv Zavodunda əmək fəaliyyətinə başlayan Abıyevin digər qardaşı Nadir Abıyev bir neçə il öncə Masallı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsindən azad edilib.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov:
Lənkəran, Astara, Neftçala, Cəlilabad və Kürdəmir rayonlarının icra başçısı olan Taleh Qaraşov 26 ildir müxtəlif rayonlara rəhbərlik edir. Hazırda rəhbərlik etdiyi bu böyük cənub şəhərinin nə az-nə çox, düz 10 ildir icra başçısıdır. Barəsində ən çox tənqid səslənən rayon rəhbərlərindəndir. İddialara görə, hazırda nazir vəzifəsini daşıyan hamisi daha onu qoruya bilməyəcəyini deyib və bu səbəbdən Qaraşovun özü də getməyə hazırlaşır.