azia.az
azia.az

Erməni terrorçulardan Qarabağ elanı

29-01-2022, 23:11


Rusiya vətəndaşı olan erməni Vova yəni, Vladimir Vartanyanın yaratdığı "VoMa" silahlı könüllülər təşkilatı Xankəndi filialını açdığını elan edib. Terrorçu qrupun səhifəsində bunuinla bağlı elan paylaşılıb və ianə toplanması üçün ermənilərə müraciət ünvanlanıb. Təşkilata daha çox "Ermənistanı müdafiə edək", "Hazırlıqlı arxa dayaq" və "Ehtiyat ordu" lozunqları ilə ordudan tərxis olunmuş hərbçiləri, həkimləri, eləcə də hərbiyə həvəsi olan gəncləri cəlb edirlər.
Erməni terrorçulardan Qarabağ elanı
2014-cü ildə yaradılan bu təşkilat Ermənistan dövlətinə tabe olmadığını iddia edir. Təşkilatın saytında və sosial şəbəkə hesablarından verilən məlumatlara görə, üzvlərə avtonom şəraitdə həyatda qalma, atəş hazırlığı, soyuq silahla davranış, əlbəyaxa döyüş, qayalığa dırmanma, tibbi hazırlıq kimi kurslar keçirilir.

Azia.az APA-ya istinadən xəbər verir ki, 2020-ci il 3 noyabr tarixində Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Bununla bağlı yayılan açıqlamada bildirilib ki, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində "VoMa" adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də "Asala", "PKK" və digər terror təşkilatlarının üzvlərini "VoMa"nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək "Dağ-atıcı ehtiyat batalyonu"nun ("VoMA batalyonu") tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib. Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, "Dağlıq Qarabağ Respublikası" adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.



Maraqlıdır ki, indi əksər Ermənistan rəsmiləri regionda sakitliyin və sülhün bərpası üçün çağırışlar edirlər. Amma digər yandan da mərkəzi Ermənistandan olan bu təşkilat həm diasporranı, həm də Ermənistandakı erməniləri təşkilata üzv olmağa çağırır və onların silahlandırılması üçün maliyyə yardımı istəyir. Lobbi dəstəyi ilə fəaliyyət göstərən bu terrorçu təşkilatın məqsədi əslində nədir?
Erməni terrorçulardan Qarabağ elanı
Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu məsələdə 44 günlük müharibədən doğru-dürüst nəticə çıxara bilməyən Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. "VoMa"nın fəaliyyətinə gəlincə o bildirib ki, bu təşkilat birmənalı olaraq terror təşkilatıdır və məqsədləri məktəblilər və tələbələr arasında Azərbaycana qarşı əks təbliğat aparmaq və gəncləri aktiv hərbi fəaliyyətlərə cəlb etməkdir. Bununla da Ermənistan 1989-cu ildə BMT tərəfindən qəbul olunmuş 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlara cəlb olunması konvensiyasının tələbini də pozmuş olur: "Onlar hər hansı dövlətinə bağlı olmadıqlarını iddia etsələr də, təşkilatın rəhbərlərinin zaman-zaman Ermənistan və Qarabağdakı separatçıların rəhbərlikləri ilə görüşlərinin şahidi olmuşuq. Mətbuatda bu quruma təkcə ermənilərin deyil, eyni zamanda digər mil­lətdən olan terrorçuların da muzdlu döyüşçü kimi cəlb edildiyi barədə məlumatlar var".

Hərbi ekspert onu da əlavə edib ki, Ermənistanın bu fəaliyyətlərə göz yumması Azərbaycana qarşı işğalçı siyasətində əl çəkmədiyi anlamına gəlir.

Siyasi şərhçi Turab Rzayev isə bildirib ki, Ermənistandakı siyasi güclər 3 yerə - Qarabağda yenidən müharibə istəyən revaniştlərə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırılmağın tərəfdarı olan liberallara və beynəlxalq erməni lobbisinə tabe olub "Böyük Ermənistan" xülyası ilə fəaliyyətdə olanlara bölünür. "VoMa" kimi təşkilatlar da beynəlxalq erməni lobbisinə tabe olanlardandır: "Bunların niyyətləri yeni hərbi nəsil yetişdirmək, mümkün hazırlıqlar görmək, hərbi və ideoloji təlimlər keçməkdir. Məqsədləri gələcəkdə Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu ölkələrə qarşı ərazilər iddia etməkdir. Əlbəttə ki, bu şəxslərin heç bir halda qonşu ölkələrlə niyyəti xoş ola bilməz".
Erməni terrorçulardan Qarabağ elanı
Xatırladaq ki, 44 günlük müharibə ərəfəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də adıçəkilən təşkilatın terrorçu fəaliyyətləri barədə fikirlər səsləndirmişdi.

O qeyd etmişdi ki, təşkilatda 300-dən artıq muzdlu cəmləşib və onların məqsədi Qarabağdakı silahlı erməni birləşmələrinin tərəfinə keçməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi