Hakimliyə namizədlər üçün yazılı imtahan keçiriləcək
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 41 nəfər hakimliyə namizədlə ilkin tədris kursu başa çatıb.
Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan yanvar ayının 15-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil ediləcək.
İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçiriləcək.
Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə namizədlər mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər.
İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.