MEK əməkdaşı Türkiyə paytaxtında işgüzar səfərdə olub
MEK əməkdaşı Türkiyə paytaxtında işgüzar səfərdə olub
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 10-15 dekabr 2021-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub.
Səfərin əsas məqsədi Ankarada əsasən universitet kitabxanaları, təhsil, elm və mədəniyyət qurumlarının fəaliyyəti, iş rejimi və təcrübəsinin öyrənilməsi, müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanışlıq, yeni əməkdaşlıqların qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında ankaralı həmkarların məlumatlandırılması olub.
Görüş çərçivəsində M.Göyüşlünün Hacettepe Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun təşkil etdiyi və Qarabağ zəfərinin 1 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji münasibətlərinin Qarabağ müharibəsinə təsiri” adlı konfransda çıxışı dinlənilib. Konfrans zamanı 44 günlük müharibədən sonra daha da inkişaf etmiş Türkiyə-Azərbaycan əlaqələrinə elm-təhsil qurumları olaraq töhfə vermək üçün perspektivlər müzakirə olunub.
Hacettepe Universitet kitabxanasının müdiri Pınar Alla ilə keçirilən görüş zamanı Hacettepe kitabxanasının tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanları ilə yaxından tanışlıq olub. Həmçinin, MEK-in müvafiq sahədə fəaliyyəti də qarşı tərəfin diqqətinə çatdırıldıqdan sonra əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub. Ölkələr arasında siyasi, diplomatik və mədəni əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyi vurğulanaraq gələcək illərdə kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və konfransların keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, MEK təmsilçisinin Türkiyənin Ölçmə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri, professor Halis Aygün, Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin dekanı, professor Mehmet Öz və digər elm, təhsil, mədəniyyət, ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri məhsuldar olmuş, AMEA-nın, o cümlədən Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin təqdim edilməsi baxımından uğurlu keçmişdir. Bütün görüş və müzakirələrdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınmışdır.
Səfər zamanı təmsilçimiz həmçinin, Gənc Alimlər Dərnəyinin Ortaq türk tarixi mövzusunda keçirilən tədbirə qatılaraq Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin fəaliyəti, ölkəmizin intellektual potensialı haqqında iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, səfər zamanı aparılan müzakirələr və keçirilən görüşlər AMEA MEK ilə əməkdaşlıqların bundan sonra daha da genişləndirilməsinə imkan yaradacaq.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]