Bu il 63 uşaq öz ailəsinə qaytarılıb
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.
Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.
Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.
Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.