azia.az
azia.az

Səhiyyə Nazirliyi polisin, polis isə nazirliyin üzərinə atır - PROBLEM

2-09-2021, 13:39

Səhiyyə Nazirliyi polisin, polis isə nazirliyin üzərinə atır - PROBLEM
Xaricdə vaksinasiya olmuş vətəndaşların Azərbaycanda COVİD-19 pasportlarını necən qeydiyyatdan keçirməsi barədə qaydalar məlum deyil, bunu Azia.az-a müraciət edən Vüqar Abbasov bildirib.

"Bakıya istirahət üçün gəlmişəm. Niderlandda "Pfizer" vaksini vurdurmuşam. Əlimdə COVID-19 pasportu da var. Lakin Azərbaycanda qapalı məkanlara giriş üçün qeydiyyatdan keçmək lazımdır. Biz xaricdə vaksin vurdurmuş vətəndaşlar bu qeydiyyat prosesinin harda aparıldığını bilmirik. Ölkədə məndən başqa nə qədər turist var. Onlar da eynilə mənim kimi nə edəcəyini bilmir. Məhdudiyyətlər xarici vətəndaşlar üçün necə tənzimlənir onu da bilmirik", - deyə Abbasov bildirdi.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq və nazirliyin sözçüsü xaricdə vaksin olunanların COVID-19 pasportunun yoxlanması prosesi ilə Daxili İşlər Nazirliyinin məşğul olduğunu dedi. O, öz fikrini qapalı məkanlarda giriş-çıxışa DİN əməkdaşlarının nəzarət etməsi ilə əsaslandırdı.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə bu prosesin onlara aid olmadığını söylədi.

"Xarici ölkə vətəndaşlarının qeydiyyat prosesinə Səhiyyə Nazirliyi nəzarət edir. Vətəndaşlar onlarda yaradılmış qaynar xəttə müraciət etməklə qeydiyyat prosesini həyata keçirə bilər. Daxili İşlər Nazirliyi sadəcə vətəndaşların COVID-19 pasportu olub olmadığını yoxlayır", - deyə nazirliyin sözçüsü əlavə etdi.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində bildirmişdi ki, hər hansı şəxs xaricdə vaksinasiya olunubsa, "Qaynar xətt”ə zəng vurmalı və vaksinasiya olunması barədə sənəd təqdim etməlidir. Əgər şəxsin sənədi saxta deyilsə, sistemə daxil ediləcək. Amma hansı "Qaynar xətt"dən söhbət getdiyi və bu qeydiyyatın hansı normativ sənəd əsasında və necə aparılacağı bildirilməmişdi.

Azərbaycanda sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Xaricdə vaksin almış şəxslər, o cümlədən turistlərin vəziyyəti naməlum olaraq qalır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi