8 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
Yanvarın 19-da İtaliyanın Paviya şəhərindəki Lombardiya əyalətində anası ilə sığınacaq düşərgəsində yaşayan 8 yaşlı azərbaycanlı Emil faciəvi şəkildə ölüb. Uşaq autizm xəstəliyindən əziyyət çəkib və təsadüfən özünü boğub.
Il Giorno Pavia nəşri yazır ki, oğlanın anası uzun müddət uşağını dəfn edə bilməyib, çünki ona müsəlman qəbiristanlıqlarında yer verilməyib. Nəşr müsəlmanların dəfn olunduğu bölgədə yalnız iki qəbiristanlığın - Paviya və Vigeevanoda olduğunu yazır. Paviyadakı səlahiyyətlilər bildiriblər ki, qəbiristanlıqda artıq müsəlmanlara yer yoxdur və Vigeevanodakı qəbiristanlığının qaydalarında yalnız bələdiyyə torpaqlarında anadan olan və ya orada yaşayanlar dəfn oluna bilər.
Nəşrin məlumatına görə, sonda körpənin cəsədi qonşu Kremona şəhərinə aparılıb və ölümündən təxminən bir ay sonra - 16 fevralda orada dəfn edilib.
Bu məsələ geniş rezonans doğurub və hazırda Paviya şəhərinin rəhbərliyi müsəlmanların dəfn edilməsi ilə bağlı problemi aradan qaldırmağa çalışır.
“Balaca Emilin ölümünə ürəyimi ağrıdı. Və bu bir daha təkrarlanmamalıdır”, - deyə qəbiristanlıq xidmətinin müşaviri Barbara Lonqo azərbaycanlı uşaqla bağlı hadisəni şərh edərkən söyləyib.
Onun sözlərinə görə, bu hadisədən sonra Paviya şəhər rəhbərliyi müsəlmanların dəfni problemini həll edir. O qeyd edib ki, şəhərin səlahiyyətliləri indi Fossarmatoda yeni qəbiristanlıq üçün yer təşkil etməyi planlaşdırır.
"San-Jovanni qəbiristanlığında İslamı qəbul edən insanlar üçün yer var idi, amma tez bir zamanda dolub və indi yeni qəbiristanlıq üçün yer təşkil etməyə çalışacağıq", - müşavir Lonqo deyib.
Jurnalist Alessandro Braqa balaca Emillə bağlı baş verən hadisə ilə əlaqədar yerli hakimiyyət orqanlarını bürokratik prosedurların ləyaqət və insani dəyərlərdən 8 yaşlı uşağın ölümündən daha yüksək olduğuna görə ittiham edib.