“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Azərbaycanda dövlət satınalamaları ilə bağlı ictimai rəyin yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir... Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir.
Bir müddət əvvəl deputat Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı daha kəskin və aydın danışmışdır: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".
Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.
“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.
Bu problemlə bağlı millət vəkilləri ilə bərabər ekspertlər də dəfələrlə narahatlıqlarını dilə gətiriblər. Hətta problem o dərəcədə ciddi şəkil alıb ki, siyasi hakimiyyətin ən yüksək qatında da qaldırılıb...
Problem böyük, mövzu genişdir...Bu istiqamətdə xüsusi ilə suallar doğuran məqam isə müsabiqələrdə qalib olan şirkətlərlə bağlıdır. Bəzən satınalan tərəf məqsədli şəkildə yaxın adamlarının adına Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edir və hansısa satınalma əməliyyatından sonra da MMC-nin ləğvinə qərar verir(?) Ən dəhşətlisi də odur ki, bəzən bu proses o qədər diletantcasına aparılır ki, “Dövlət satınalmaları haqqında” Qaunun pozuntusu əndazəni aşır. Ölkəmizdə aparılan iqtisadi siyasət çərçivəsində sahibkarlığın inkişafına dövlət dəstəyini özünə sərf edən kimi qəbul edib, yararlanmağın isə adı başqadır. Nə isə,...
***
Bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumatlarda 2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2 050 manat olan “Vest LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dövlət satınalmalarındakı fəaliyyətindən bəhs olunur. Xatırladaq ki, qanuni təmsilçisi Şahin Verdəliyev olan (VÖEN: 2100393871) “Vest LTD” MMC sonradan təşkilati-hüquqi forması dəyişdirilərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Olsun... Redaksiyamıza daxil olan məlumatlarda “Vest LTD” QSC-nin analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları, müvafiq xidmətlər üzrə uyğunluq sertifikatlar və s. haqda ziddiyyətli məlumatlar daxil olub...
HAŞİYƏ: “Vest LTD” QSC dövlət satınalmalarında fəallığı ilə seçilir. Xüsusi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli strukturlarının əksər tenderlərinin qalibi “Vest LTD” QSC olur. Həm də bu əməkdaşlıqda heç də az olmayan məbləğlər yer alır...
BİR FAKT: “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə 11.06.2020-ci ildə yekun vurub.Qeyd edək ki, dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə tenderin qalibi “Vest LTD” QSC olub və tərəflər arasında 9992560.78 manat məbləğində müqavilə bağlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin tabeli strukturları ilə “Vest LTD” QSC-nin bu sayaq əməkdaşlığı ilə bağlı saysız faktlar sadalamaq mümkündür. Sonuncu isə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə “Vest LTD” QSC-nin arasında 3 gün əvvəl-26.10.2020-ci il tarixdə- 299096 manat məbləğdə bağlanmış müqavilədir.
“Vest LTD” QSC-nin əməkdaşlığı yalnız Bakı Şəhər İcra Hakimiyyəti ilə məhdudlaşmır. Şirkət ötən ay 1№-li Bakı Tibb Kollecinin elan etdiyi kotirovka sorğusunun da qalibi olub. 22.09.2020-ci il tarixdə tərəflər arasında üç lot üzrə müqavilə bağlanıb: 1) Cari təmirlə bağlı 44608 manat. 2) Əsaslı təmirlə bağlı 48729 manat. 3) Abadlaşdırma ilə bağlı 9766 manat. Yeri gəlmişkən bəzi məqamlara aydınlıq gətirmək məqsədi ilə 1№-li Bakı Tibb Kollecinin direktoru xanım Nailə Əliyevaya ünvanladığımız elektron sorğuya bir aydan artıqdır ki, cavab ala bilmirik(?)
“Vest LTD” QSC-nin fəaliyyəti paytaxtdan kənar-əyalətləri də əhatə edir: 20.10.2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar Şəhəri Üzrə Nümayəndəliyi ilə “Vest LTD” QSC arasında Yolların əsaslı təmir ilə bağlı dəyəri 337134 manat olan müqavilə bağlanıb.
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır.
Yuxarıda da qeyd etdiyimiz kimi “Vest LTD” QSC ilə bağlı yenixeber.org-a daxil olmuş məlumatlarda dəqiqləşdirilməsi vacib olan faktlar yer alır. Biz də bəlli qanun və qaydalara uyğun olaraq bu faktların araşdırılmasını və “Vest LTD” QSC səlahiyyətlilərinin mövqeyini öyrənmək istədik. İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə bağlı bir email poçta elektron sorğu göndərsək də heç bir cavab olmadı. Yeri gəlmişkən saysız tenderlərin qalibi olan, yüksək məbləğdə dövlət vəsaitinə iddialı bir şirkətin nəinki fəaliyyəti ilə bağlı saytının olmaması, internet üzərindən hansısa əlaqə vasitəsinin belə olmaması özü də suallar doğuran faktordur... Az qala ədədi silsilə ilə dövlət satınalmalarının qalibi olan bir şirkətin cəmiyyətə açıq olması, fəaliyyətinin şəffaf olması vacibdir. Bunun əksi isə ziddiyyətli məlumatları stimullaşdıran faktordur...
Əldə etdiyimiz məlumatlara görə “Vest LTD” QSC iş dünyasında Hacı kimi tanınan məşhur bir iş adamının çətiri altındakı 10-larla şirkətlərdən biridir.../yenixeber.org/