Zakir Həsənov ön xətdə yerləşən hərbi hissələrdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.
Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.
Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar.
Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.