Deputat Əhliman Əmiraslanovun qardaşı oğluna qarşı dələduzluq ittihamı
“Tibbin aciz qaldığı xəstəliklərdən əziyyət çəkənlərdən istifadə vicdansızlıqdır” – deyən 72 yaşlı alim-deputat Əhliman Əmiraslanovun qardaşı oğlundan şikayət var.
Redaksiyamıza müraciət edən vətəndaş Tamella Fərzəliyeva bildirir ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb, qaytarmır.
Şikayətçinin sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib, hansı ki, yerinə yetirməyib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab verməyib.
Vətəndaş Tamella Fərzəliyeva naəlac qalaraq Emilin ağsaqqallarını axtarıb. Atası – Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovla və anası ilə əlaqə saxlayıb. İlk əvvəl Emilin valideynləri işi qaydasına qoyacaqları barədə ümidverici sözlər desələr də, sonradan onlar da oğullarının borcunu ödəməkdən, ödətdirməkdən yayınıblar. Belə olan halda borc yiyəsi məcbur olub Əhliman Əmiraslanovun qəbuluna düşüb və hörmətli akademikin yüksək diqqətinə çatdırıb ki, Emil ona iş düzəldəcəyini vəd edərkən, məhz nüfuzlu əmisinin adından istifadə edib. Hərçənd, alim əmi də qardaşoğlunun işdəycələrinə cavabdeh olmaqdan boyun qaçırıb.
Diqqətəlayiq məqam bundan ibarətdir ki, Tamella Fərzəliyevanın Emil Əmiraslanovun əli ilə düzəltdirmək istədiyi iş kimisə həbsdən qurtarmaq cəhdi olub. Azərbaycan reallıqlarını nəzərə alsaq, belə bir işi görməyə və yaxud, belə bir işi görəcəyini söz verməyə Emil Əmiraslanovun iqtidarı çatırmış. Çünki, Emil Əmiraslanov bir qədər əvvəl Nərimanov rayonunda prokuror köməkçisi vəzifəsində işləyirmiş. Məlumata görə, məhz işi prokuraturaya düşənlərlə qeyri-prosessual əlaqələrinə görə vəzifəsindən qovulub.
Tamella Fərzəliyeva bildirir ki, Emil Əmiraslanovla onun arasındakı sövdələşmədən ikincinin sürücüsü Zəfərin də xəbəri var, bir neçə dəfə zinət əşyalarını və pulu almaq üçün onunla görüşə Emilin tapşırığı ilə məhz Zəfər gəlib. Ən əsası isə, borc verənlə borc alanın arasında notarial qaydada rəsmiləşdirilməsə də, imzaladıqları yazılı əqd vardır ki, borcun məbləğini hər ikisi təsdiqləyiblər. Bundan başqa, aralarındakı borc mübahisələrinin təsdiqi kimi qiymətləndirilə biləcək telefon danışıqlarının səs yazıları da mövcuddur.
Maraqlıdır, görəsən, hörmətli akademik Əmiraslanov onun nüfuzunu pula satan qardaşı oğlunun bu əməlinə vicdan prizmasından yanaşanda necə qiymət verər – İşi dara düşənlərin etibarından, etimadından sui-istifadə etmək vicdansızlıq deyilmi?
Vicdandan söz düşmüşkən, görəsən, zamanla, islahatlarla ayaqlaşa bilmədiyinə görə parlamentin özünü buraxmasının lehinə səs vermiş 72 yaşlı deputatın yenidən formalaşacaq Milli Məclisə üzv olmaq üçün namizədliyini irəli sürməsi siyasi etikaya uyğun hərəkətdirrmi? Axı bu da bir vicdan məsələsidir.
İstinad olunan mənbə bu linkdir:My Webpage
Mənbə RealMedia.az
P.S. Yazıdakı faktlarla bağlı adları çəkilən şəxslə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.