“Nənə öpməklə deputatlıq mümkün olsaydı, babalar çoxdan spiker idi…”
2020-ci il fevralın 9-da ölkədə Milli Məclisə növbədənkənar seçki keçiriləcək. Hazırda bütün ölkə ərazisində deputatlığa namizəd olan şəxslərin təbliğat-təşviqat kampaniyası gedir. Namizədlər ölkənin müxtəlif bölgələrində olur, öz seçiciləri ilə görüşür, söhbət edir, onları inandırmağa çalışırlar. Bu görüşlərin fonunda son günlər dəbə düşən bir “aksiya” sosial medianın gündəminə düşüb, insanların marağına səbəb olub. Belə ki, deputatlığa namizəd şəxslər getdikləri yerlərdə yaşlı nənələrin əllərini öpərək, onları qucaqlayaraq şəkillər çəkdirir və sosial şəbəkələrdə paylaşır.
Bəs Azərbaycanda indiyə kimi seçkilərdə görünməmiş nənəöpmə trendi nə ilə bağlıdır? Qəfildən nə baş verdi, kimi suallara cavab axtarmaq üçün Teref.az Qaynarinfo-nun tanınmışlarla etdiyi sorğunu təqdim edir.
Yazıçı İlqar Rəsul nənəöpmə prosesini bu dəfə əsasən yaşlı nəsil-keçmiş deputatların başlatdıqlarını düşünür:
“Görünür, onlarda belə təəssürat yaranıb ki, seçkilərə yeni, daha iddialı və fərqli nəsil qatılır, indi quru-quru gedib seçicilərə nələrsə vəd verməklə könülləri xoş edə bilməyəcəklər. Ona görə də öz aləmlərində prosesə bir az rəng qatırlar bu addımları ilə. Cavanların da bəziləri onlara baxıb düşünür ki, yəqin bunlar indiyədək nənə əli öpməklə deputat seçiçiliblər, onlar da oxşar addım atırlar. Əslində burda ciddi bir qəbahət yoxdu. Əl öpmək gözəl davranışdı. İllah da böyüklərin, ixtiyar insanların əlini öpmək. Amma onu qarşındakının könünü xoş eləmək üçün deyil, öz məqsədinə çatmaq üçün edəndə, bu, kənardan hiss olunur və heç də etik görünmür.
Ona görə də mənfi təəssürat yaradır, kinayə, istehza doğurur, hətta tənqidə səbəb olur, lətifələr belə yaradır. Xüsusən də kütləvi hal alanda. Yenə də, bütün hallarda bu məsələdə ciddi bir qəbahət yoxdu”.
Yazıçı bununla belə qoca nənələrin əlini öpməklə nəyəsə nail olmağa inanmadığını əlavə edib:
“Məsələnin mahiyyətinə, yaxud perspektivinə gəlincə, deyə bilərəm ki, məncə məmləkətdə əl öpməklə deputat seçilmək üçün nənələr o qədər də uğurlu obyekt deyillər. Hər halda belə addımlar öz pozitivliyi və bəzi namizədlərin aşırı sadəlövhlüyünü üzə çıxarmaqla bu seçkiləri əvvəlkilərdən daha cəlbedici edə bilib”.
“Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılının fikirlərinə görə, görünür, yenidən namizədliyini verən köhnə deputatlara xalqla işləmək tapşırılıb:
“Bizim köhnə deputatlarımız ki var idi, onlar xalqın səsi ilə yox, məhz dövlət resursları hesabına seçilmişdilər, o insanlara bu dəfə “belə olmayacaq” mesajı verilib və xalqla işləmək tapşırılıb. Bunu görəndə onların beyinləri işləməyib, fikirləşib ki, görən nə eləmək olar? Öz yaradıcılıqları olmadığı üçün xatılayıblar ki, Əkrəm İmamoğlu getdi camaatın əlini öpdü. Belə yadlarında qalıb. Ona baxıb, onun kimi etməyə çalışıblar. Yaradıcılığı olmayan insan kimdənsə, nədənsə nəsə götürüb onu tətbiq etməyə çalışır. Və bu da çox bayağı alınıb, çünki plagiat ediblər, guya ki, onlar gedirlər xalqın əlindən öpürlər, xalqa yaxındılar və s.”
Yazıçı Tural Cəfərov deyir ki, namizədlərin bir şeyi yaxşı başa düşmədiyini qeyd edib:
“Kamera insanın riyakarlığını da, səmimiyyətini də çox aydın göstərir. Yeni ideyadan, müasir düşüncədən məhrum olan bu namizədlər nənə öpməklə guya xalq sevgisini qazanmaq istəyirlər. Halbuki sevgi heç bir zaman bu cür oyunlarla qazanıla bilməz. Sevgi çox təbii bir hissdir, onu təqlid edə bilməzsən. Eləcə də səmimiyyət… Nənə öpməklə deputat olmaq mümkün olsaydı, babalar çoxdan spiker idi”.
Jurnalist Natiq Muxtarlı düşünür ki, nənələri öpənlərin əksəriyyəti qocalardır:
“Yəqin, gənclərə hələ də inanmırlar və güman edirlər ki, elə nənələrin sayəsində deputat seçilə bilərlər. Bunu başa düşdük, bəs elə isə babaları niyə öpmürlər? Olmaya, babaların seçkilərə təsiri yoxdur? Hə, ola bilsin elə nənələr vasitəsilə babalara da təsir etməyi fikirləşiblər. Nə deyirəm, çox ağıllı seçki texnologiyasıdır. Amma onu da nəzərə almaq lazımdır ki, bizdə babaların çoxu qısqancdır, nənələrin öpülməsi əks effket də verə bilər”.