Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə üzvlüyünə namizədlərlə görüşü baş tutdu-Pirallahıda
Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə üzvlüyünə namizədlərlə görüşü baş tutdu-Pirallahıda
23 dekabr 2019-cu il tarixində Azərbaycanda keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Pirallahı rayon təhsil işçilərinin Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə üzvlüyünə namizədlərlə görüşü baş tutdu. 16 dekabr 2019-cu il tarixində Pirallahı qəsəbəsində yerləşən 168 №-li tam orta məktəbdə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov qeyd etdi ki, cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində ziyalıların, təhsil işçilərinin rolu əvəzolunmazdır. Bu cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Təhsil sistemində çalışmaq, şərəfli müəllim adını daşımaq təkcə bir peşə deyil. Hər bir xalqın ziyalısı cəmiyyətin bel sütunudur. "Mən dünyada müəllimdən şərəfli ad tanımıram” - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Çıxış edən təhsil işçiləri - 168 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Balayeva, 235 №-li tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova çıxış edərək seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səsverməyə dəvət etdilər.
Sonra 23 dekabr 2019-cu il tarixində ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş Mübariz Məmmədov Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini qeyd edərək, partiya tərəfindən namizədliyi irəli sürülmüş hər bir kəsə uğurlar arzuladı.