Biləsuvar Rayon İcra Hakimiyyəti bu sahibkarla müqavilə bağlayıbmış
Biləsuvar Rayon İcra Hakimiyyəti nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı həyata keçirdiyi satınalma proseduruna yekun vurub.
32gun.az xəbər verir ki, Müsabiqənin nəticələrinə əsasən, fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu qalib seçilib və tərəflər arasında 15.040 AZN məbləğində satınalma müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində rayon icra hakimiyyətinin fəaliyyəti üçün zəruri olan nəqliyyat təminatının qarşılanması nəzərdə tutulur. Maraqlıdır ki, dövlət qurumları bir qayda olaraq bu növ xidmətləri ixtisaslaşmış şirkətlərdən sifariş etməyə üstünlük versələr də, Biləsuvarda bu xidmətin birbaşa fiziki şəxsə həvalə edilməsi diqqət çəkir. 15 min manatdan artıq vəsaitin ayrıldığı bu xidmət üzrə texniki göstəricilər və nəqliyyat vasitələrinin sayı barədə ətraflı məlumat verilməsə də, bu məbləğin yerli icra strukturunun cari nəqliyyat ehtiyaclarını nə dərəcədə səmərəli qarşılayacağı və xidmət keyfiyyətinə nəzarət mexanizmləri sual doğuran məqamlardandır. Hazırda xidmətin göstərilməsi prosesinə başlanılıb.
Qeyd edək ki , Həsənli Mirnahid İqbal oğlu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqələrin qalibi olmuş sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkardır. O, hazırda Bakıdan Lənkəran, Astara və Biləsuvar istiqamətlərinə müntəzəm avtobus marşrutlarının istismarı hüququna malikdir. Daşıyıcı xidmət keyfiyyətinin artırılması və sərnişinlərin təhlükəsiz daşınması öhdəliyi ilə bu xətlər üzrə rəsmi fəaliyyət göstərir.
Qeyd edək ki,Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətovdur
Ayaz