azia.az
azia.az

"Soyundurub ağaca bağladılar, 7 saatdan sonra..."

21-03-2024, 11:00

Volqa-Don kanalının çəkilişində əlimi ağdan-qaraya vurmamağa and içmişdim. 75 gün karserdə qalmağıma, üzülüb əldən düşməyimə fikir vermədən podpolkovnik Vəliyev üç gün sonra əmr etmişdi ki, məni "betonomeşalka"nın yanına aparsınlar, axşamadək işləməyimə göz qoysunlar. Barakdan çıxanda dünən mağazadan alıb doyunca yediyim salanın qalığını çörəyin içinə doldurdum. İki dənə də karamel konfetim vardı, onu da cibimə qoydum. Elə yolda, sıra ilə gedəndə yaxınlaşdım növbə rəisinə, konfetləri çıxarıb ovucuna basdım. Gözləri işiqlandı. Dedim ki, hər həftə on manatın məndə, ayın axırında faizimi də 100-dən yuxan yazarsansa, əlli manat da həmin vaxt verəcəyəm. Az qaldı qucaqlayıb öpsün məni. Çünki "oğru"lar da əlli manat verirdilər. Oğru Çuma da "vertuxa"ya tapşırdı məni, həm də tələb elədi ki, haradan olur-olsun, ikiqat qiymətinə bir baş sarımsaq tapıb gətirməlidir. 75 günlük karserdən sonra dişlərimin dibində zud, ağrı hiss edirdim.

İş yerinə gedib çatanda “oğru”lar yenə tonqal qalayıb ətrafında dövrə vuraraq oturdular. Mən də onların yanında özümə yer elədim. Bir azdan növbə rəisi qaynar çay "krujka"sı ilə dəstəmizə yaxınlaşıb:– Al, iç, zəifsən hələ, – dedi və göz vuraraq, geri döndü.

"Oğru" Kraçuk briqadirin ardınca qışqırdı kı, bir nəfər göndər, getsin bizə quru çay alsın. Briqadir "çest" verərək yoluna davam etdi. Əslində tonqalın yanında, "blatnoy"larla oturmaq barakda uzanmaqdan min pay yaxşı idi. Hiss edirdim ki, karserdə sıradan çıxmış ayaqlarım yavaş-yavaş canlanır, əvvəlki qəddinə düşmək ümidi ilə isti ocağa doğru uzanır...

Bir qədər sonra cavan bir komsomolçu qaçaraq tonqalımıza yaxınlaşdı:– Briqadir göndərdi məni, – tövşüyərək dilləndi.Hamı qəhqəhə çəkib güldü və Kraçuk:– Yurka, sən də "göndər" onu, – deyərək, mənə göz vurdu, yəni pul ver.Komsomolçu bir qədər qorxu, bir qədər çaşqınlıq içində ayaqlarının birini götürüb, o birini qoyaraq gözləyirdi.Onluqlarım sol döş cibimdə idi. Bir dəstə çıxarıb, əziyini seçdim, komsomolçuya uzatdım. Oğlan həsrət dolu nəzərlərlə pullara baxırdı.– Bir qutu çay al, qalanı səninki olsun, – dedim.– Sağ olun, mənə sizin bəxşişiniz lazım deyil!– Bu, bəxşiş deyil, mükafatdır, – Kraçuk onun kürəyini döyəclədi.Təxminən yarım saat sonra oğlan çayı gətirdi, bir torba da mak, xaşxaş səpilmiş bulkanı tonqalın yanında yerə qoyaraq:– Nuş olsun! Sağlıqla yeyin, – deyib qayıtmaq istəyəndə qarşısında uzun tiyəli bıçaqla dayanmış Kraçuku görüb bir addım geri çəkildi.–Nə üçün, qardaşlar? – titrək dodaqlarla, rəngi ağarmış halda pıçıldadı.– Sənə dedilər ki, qalanı sənindir. Komsomol bulka torbasını götürüb, gülə-gülə uzaqlaşdı.

– Təmiz oğlana oxşayır. Amma təəssüf ki, komsomolçudur, – deyən Kraçuk çifir bişirmək üçün çay qutusunun ağzını əlindəki bıçaqla açdı, – Tezliklə o da başa düşəcək ki, kim çox işləyirsə, bir o qədər tez ayaqlarını uzadır.

Bir həftə sonra işləməyən dəstəni daha ağır şəraitli zona etap elədilər. Mən də həmin kolonda sıraya durmuşdum. İrkutskdan şimala doğru aparılanda bizimlə vaqon-zakda gedən konvoylardan biri:– AnqarLaqa (Anqar düşərgəsi) gedirsiniz, – dedi.– Orada Volqa-Dondan fərqlənən yaxşı bir şey var? – Sın Polka soruşdu.– Yaxşı həşəratlar olur, dadlı, ləzzətli.

Elə həmin axşam tayqa ağcaqanadlarının nə demək olduğunu hiss etdik. Axşam yeməyinə isti balanda verilmişdi. Təzəcə yerimi rahatlayıb, qaşığımla miskada nə olduğunu yoxlamaq istəyirdim ki, qara bulud kimi bir dəstə xırda qarışqaya bənzər qanadlı həşərat xörək qabına doldu. Hamının balandası tullanmalı oldu. "Professor" isə heç nədən iyrənmədən onları balandaya qarışdırır, iştaha ilə yeyirdi. Bu hadisədən sonra bir dəfə də atdım xörəyimi, sonradan əlacsız qalaraq, "professor" kimi gözlərimi yumub, yeməyə girişdim. Fikirləşdim ki, əgər yeməsəm, aclıq məni yeyəcək.

Tayqanın ağcaqanadlarından danışmaqla qurtarmaz. Əynini altdan geyinib, üstdən qıfıllayırdın, üstdən geyinib, aşağıdan qıfıllanırdın, bir də hiss edirdin ki, düz kürəyinin ortasından dişləyib... Söykənirdim ağaca, qaşıyırdım, sürtürdüm, elə bilirdim ağcaqanad sancdığı yerdə fındıq boyda şiş əmələ gəlib... Elə qaşınırdı ki, qopartmaq, didmək istəyirdim həmin yeri. Xırda həşəratların - moşkaların işi daha zibil idi. Birdən sanki əlinə iynə batırırdılar. Hiss edirdin ki, dərinin içinə soxulur.

Hərdən konvoylar ayı vururdular. Alırdım onlardan ət parçalarının yaxşı yerindən, qızardırdıq, doyunca kabab yeyirdik. Oradakı işimiz şulfa çıxarmaq idi. Mən heç vaxt düşmürdüm şaxtaya, çünki bir neçə nəfərin başına ağır “qorşok" (qızılı ayırmaq üçün istifadə edilən cihaz) düşmüşdü, canlarını tapşırmışdılar.

Burada kart oyununun demək olar ki, bütün fırıldaqlarını öyrənmişdim. Bir gün yenə oyuna qoşuldum. Yaxşıca udmuşdum. Amma "oğru"lardan biri - "Vitka Çuma” uduzdu... İki şeydən birini seçməli idi – ya "soroçka smertnikov", ya da hamam. Pulu olmadığından "soroçka"ya (ağcaqanadlara yem olmağa) getdi. Vaxt qurtaranadək bağladılar ağaca, özü də çılpaq... Yeddi saat sonra gəldik onu ağacdan açmağa. Bizi görən kimi başladı yalvarmağa ki, yaxın gəlməyin, yoxsa tox komarlar uçar, əvəzinə acları daraşar bədəninə...

Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olarmı?! Amerikalılar hər cür müasir texnika ilə uzunluğu cəmi 80 kilometr olan Panama kanalını təxminən otuz ilə tikiblər. Afrikadakı Süveyş kanalı çəkilən zolaq qumluq sahə olduğundan həm qazılması çox asan idi, həm müasir texnika, həm də tikinti materialının daşınması cəhətdən heç bir çətinliyi olmayan misirlilər 160 kilometrlik kanalın çəkilişini on ilə başa vurmuşdular. 180 km-lik donmuş bataqlıqdan keçən Belomor-Baltik kanalı isə ikicə il müddətinə tikilmişdi!

Necə? Ağlagəlməz dəhşətləri sayəsində!

Kanalın tikintisi hələ 1931-33-cü illərdə minlər, bəlkə də milyonlarla insanın həyatı bahasına başa gəlmişdi. Bizi ora aparanda "komsomol tikintisi"ndə 150-160 min dustaq işləyirdi. İldə təxminən otuz min insan yox olurdu...

... Kanalın tikintisinə təzəcə başlananda oraya "preddveriye ada" ("cəhənnəm qapısının kandarı"), yəni yüzə-yüz meyit məskəni deyirdilər. Hər həftə minlərlə məhbus gətirilirdi, lakin onlar buradan heç yerə etap olunmurdular. Ancaq işləyən "komsomolçu"ların sayı ilin sonunda əvvəlki qədər, yəni 150 min nəfər olurdu. Hər gün yüzlərlə, bəlkə də minlərlə meyit tapırdılar. Ələlxüsus, əyalət rayonlarından gətirilən məhbuslar cani-dildən işləyirdilər. Donmuş torpağı qazır, arabalara dolduraraq yüz-yüz iyirmi metr kənara daşıyırdılar.

Orada su sulfidli olduğundan, bir neçə dəfə yuyunduqdan sonra insanların bədəni və başlarındakı tüklər tökülürdü. Mən qarı yığırdım çəlləyə, əridib yuyunurdum. Araq içdikdən sonra şüşənin dıbində qalan hissəni başıma sürtüb, mikrobları təmizləyirdim.

Dustaqlar üç növbə işləyirdilər. Hər növbədə 40-45 min məhbus işə çıxırdı. Səhər saat səkkizdən başlayan "udarnaya sila" saat dördə qədər əsas işi görürdü. İkinci növbədə işləyənlər gecə saat on ikiyə qədər yalandan baş girləyirdilər. Əsas ölüm halları elə bu növbədə baş verirdi. Sürüşkən "otkos"da çifir bişirən məhbusun azacıq itələnərək qışqıra-qışqıra "betonomeşalka"ya düşməsini gözlərimlə görmüşdüm. Konvoyların gözü qarşısında baş verən bu bədbəxtliyə titrəyə-titrəyə baxırdım. Gah bu, gah da digər tərəfdən dərin şlüzlərdə bir an qışqıraraq həmişəlik susan insanların dəhşət dolu bağırtısı hələ də qulaqlarımda əks-səda verir.

Şimal düşərgəsini "həşəratların laboratoriyası " adlandırırdılar. SLON (Xüsusi Təyinatlı Şimal Düşərgələri) adamları adına uyğun şəkildə, vəhşi fıl kimi tapdayır, əzir, məhv edirdi. Kimi həyatdan yox etmək istəyirdilərsə, məhz SLON-a göndərirdilər.

Buradan hərdən qaçırdılar. İşdən sonra yol boyu tökülüb qalan meyitlərdən qorxub, qaçırdılar. Kimi elə tayqadaca donub ölür, kimini isə onların ardınca göndərilən konvoy dəstəsi öldürərək, meyitini sürüyə-sürüyə düşərgəyə gətirirdi. Qaçmağa cəhd edəni aşxananın yanında görünən yerə atırdılar ki, hamı baxsın, ibrət dərsi götürsün.

Qaçanlar əsasən "58-lər" (repressiya olunan hərbçilər) idilər. Çoxları "yaşıl prokuror" adlandırdıqları tayqanı acından ölməkdən üstün tutur, "bəlkə baş tutdu" deyərək, dabanlarına tüpürürdülər.

SLON-da ölənlərin də əksəriyyətini "58-lər" təşkil edirdi. Müharibədə odun-alovun içindən çıxmış "smertniklər" bilirdilər ki, verilən müddət başa çatsa belə, onları azadlığa buraxmayacaqlar, bir bəhanə tapıb, yeni maddə yükləyəcəklər bellərinə.

Düşərgə işçilərinin "faşist" adlandırdıqları bu zümrənin gözlərində həmişə düşərgə rejiminə qarşı üsyan, kin və nifrət oxunardı. Hətta "Oğru"lar "58-lər"ə hörmətlə yanaşar, hər vasitə ilə onlara kömək etməyə çalışardılar. "58-lər" də "oğru "lar kimi kanal çəkilişində "saçkovatlıq" edir, fürsət düşən kimi işlətdikləri adi arabaları sındırır, bir tərəfdə qaladıqları tonqalın başına toplaşaraq pıçıldaşardılar.

Düşərgəmizdə Pronin familiyalı baş leytenant vardı. "Bespredel"dən tutmuş, "Oğru"ya qədər hamı insanlıq xasiyyətindən kənar xislətli bu "çaqqal "a nifrət edirdi. Bir gün o, tonqal ətrafında qızınan "58-lər"ə yanaşaraq:– Hə, "faşist”lər, yenə dincəlirsiniz? Bəlkə meşədən giləmeyvə yığmaq könlünüzə düşüb? – deyərək hırıldadı.Dörd-beş nəfər məhbus sevincək halda onun dediyi təklifi qəbul etdiklərini bildirdilər. Dustaqları meşəyə ötürən Pronin az sonra iz axtarıcı it dəstəsi ilə nəzarətçiləri onların ardınca göndərdi və tapşırıq verdi ki, "meyitlərini gətirin!"Axşam vatnikləri it dişləri ilə didilmiş, güllələndikdən sonra beyinləri tökülmüş üç məhbusu xizəyin üstünə uzadaraq, dörd dustağa onu gəzdirməyi həvalə etdilər... Bundan sonra isə meyitləri kişkodroma (aşxanaya) gedən cığırın yanında sıraya düzdülər. Düz bir həftə onların meyitləri elə oradaca qaldı.

SLON-da işləyənlər əsasən siyasilər, əyalətlərdən yığılaraq göndərilən kolxozçular və "bespredelşik'lər idi. Əsl kommunistlər bəzən iki növbə donmuş torpağı lomlarla döyəcləyir, ayın axırına faiz yığırdılar. Ayın sonunda briqadirin iş cədvəlində "zərbəçilərin" adları qarşısında 80-90% yazılırdı, "Oğru"lar isə axşamadək baraklarda kart, şahmat oynayır, planı azı 110-120 faiz "ödəyirdilər".

Ukraynadan iki qardaş "krolik" etap olunmuşdu. Onlar ilk gün rekord – 260 faiz göstərici eldə etdilər. Düşərgə rəisi onlara mükafat kimi bir qutu pirojna verərkən, onlar "Sovet İttifaqına xidmət edirəm!”– deyib, qışqırdılar və söz verdilər ki, sabah həmin rəqəmi 300 faizə çatdıracaqlar. Şaxtada sıraya düzülmüş 300 nəfərə yaxın briqada üzvləri bu vədi eşidəndə uğuldadı və pıçıltı ilə kommunist qardaşları söyməyə başladılar.

Səhəri gün qardaşların "heykəlini” tapdılar. İşləyərək tərləmiş qardaşlar kürəklərini bir-birinə söykəyərək, azacıq dincəlmək istəyiblərmiş. Lakin hava çox şaxfalı olduğundan, elə yerlərindəcə donub heykələ çevrilmişdilər.

Mən bütün bunları görür, hər səhər öz-özümə içimdən gələn səslə "Sən yaşamalısan, Cəbrayıl, nəyin bahasına olursa-olsun, yaşamalısan" deyir, “Oğru”ların yanından uzaqlaşmırdım. Hərdən hamı barakdan çıxarılaraq işə göndərildikdə də çalışırdım ki, "adamyeyən" "betonomeşalka”lardan, girdabında minlərlə məhbus uyuyan dəhşətli yalquzaq uğultulu şlüzlərdən uzaq qaçım. Çox vaxt "professor" ləqəbli qocanın yanında olur, onun məsləhətlərilə durub-otururdum. O, əvvəllər də, yəni kanalın tikintisi yenicə başlayanda iki il burada "can qoymuşdu".

– Xəstələn, özünü dəliliyə qoy, briqadirə "pay" ver, çalış ki, mümkün qədər işə çıxmayasan, – deyirdi professor. Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olar?! Çoxları heç bir həftə dözmürdü... İndi heç olmazsa, "betonomeşalka", traktor var, o vaxtlar hər iş əllə görülürdü və çəkdiyimiz kanal heç nəyə yaramırdı. Ancaq şalban axıtmağa yarayırdı, çünki həm darısqal, həm də çox dayaz inşa edilmişdi.

Düşərgədə azərbaycanlılar da vardı. Gəncədən iki qardaş – Aydın və “Ruf” ləqəbli digərini, Bakıdan Papaninli “Qorbatıy Azik”i, Mirzə Montinskini və Qala qəsəbəsindən olan Süleymanı, Hüseynağanı daha tez-tez görürdüm. Ünsiyyətimiz olmurdu, çünki şərait elə idi ki, hər kəs ancaq öz başının həşirində idi. Sabaha heç kəs ümidlə baxa bilmirdi.

1951-ci ildə mənim cəmi iyirmi yaşım vardı, ancaq bilirdim ki, "Oğru"larla birlikdə olaramsa, onların məsləhət və qanunlarına əməl edərəmsə, uzaqdan, əlçatmaz üfüqlərdən görünən işıq ucuna doğru gedə bilərəm.

Son vaxtlar yemək payımızı tamam azaltmışdılar, sinqa xəstəliyi ağzına almışdı düşərgəni. Cavan-cavan oğlanların dişləri damaqlarından uzanaraq, sanki əlahiddə dayanırdı. Çoxları normadakı qədər yemək paylarını ala bilmirdilər. Bir dəfə uşaqlar qarğa vurmuşdular. Saatlarla qaynatdıq, yemək mümkün olmadı, iki gün bişirdikdən sonra da əti yumşalmamışdı...

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi