azia.az
azia.az

“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”

14-02-2022, 08:47

“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”
Təxminən 10 gün öncə “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində Əfsanə Cəfərova efirdə qayınanası Faxrəndə İbrahimovanı itələyərək ölümünə səbəb olduğunu etiraf etmişdi. Qətlin iki il öncə baş verməsinə baxmayaraq, üstünün indi açılması ölkə gündəmini alt-üst etdi. Bundan sonra aparılan araşdırmalarla məlum oldu ki, hadisəni o yox, sevgilisi olduğu iddia edilən, ərinin əmisi oğlu Seymur Cəfərov törədib.

Bu hadisənin müzakirə olunduğu vaxtda digər bir cinayətin üstü də efirdə açıldı. ATV-nin “Bizimləsən” proqramında öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası Taleh Allahyarov canlı efirdə açıqlama verərkən polis əməkdaşları tərəfindən saxlanıldı.
Belə ki, Məryəmin anası efirə zəng edərək bildirib ki, T.Allahyarov mərhum Məryəmin boğazına ip keçirərək foto və videolarını çəkib və ondan ayrılan arvadına göndərərək azyaşlını öldürəcəyini bildirib. Məryəmin anası həmin görüntüləri telekanala təqdim edib.

Müzakirələr zamanı vətəndaşlar bu sualları verirdilər ki, bəs, övladı öldürülən ana niyə Polis Şöbəsinə dəvət olunmamışdı? Həmin görüntüləri nə üçün istintaq ortaya çıxarmayıb? Niyə bu məsələnin də üstü efirdə açıldı?

Hər iki hadisənin həqiqətən necə baş verməsinin məhz efirdə üzə çıxması sosial şəbəkələrdə daha çox tənqidlə qarşılandı. Sadə faktların dövlət qurumları tərəfindən deyil, jurnalistlər tərəfindən asanlıqla tapılması narazılıqlara səbəb oldu.

Bu müzakirələr və suallarla bağlı sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev də fikirlərini bölüşüb.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki il öncə olan hadisənin bu gün üzə çıxması onu göstərir ki, ibtidai istintaq prosesi tam və hərtərəfli, obyektiv aparmayıb: “Müasir imkanlarla nəinki iki il, hətta 100 il əvvəlki cinayətləri də araşdırıb tapmaq mümkündür. Baş verən hadisələrin istintaqda yox, efirdə açılmasının səbəbi odur ki, aparılan işlərə səhlənkar, qeyri-peşəkar yanaşılıb. İşin üstünü ya bilərəkdən, ya da bilməyərəkdən ört-basdır ediblər. İstintaq aparanların hamısı peşəkar deyil axı. Hazırda hüquq-mühafizə orqanlarında qeyri-peşəkarlar həddindən artıq çoxdur. Bu nəticə müstəntiqin səriştəsizliyi, əməliyyatçının laqeydliyi, istintaqa rəhbərlik edən və sonda ittiham aktını, ya da cinayət işinin başlanılmasını rədd edən qərarı təsdiqləyən prokurorun səhlənkarlığıdır.

Ağır cinayətlərin Zaurun və Xoşqədəmin verilişində açılmasını şəxsən mən 71 yaşlı polkovnik, keçmiş əməliyyat-istintaqçı kimi özümə təhqir hesab edirəm. Müstəntiqlər işi aça bilmirlər, açmırlar. Harada maddi maraq olan işlər var, onun arxasıyca qaçırlar. Necə olur ki, bu şəxslər istintaqa cinayəti etiraf etmirlər, amma efirdə etiraf edirlər? Yaxud niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır? Onda elə Xoşqədəmi aparıb Baş İstintaq idarəsinə rəis qoymaq lazımdır. Verilişlərdə hər hansı bir qətl hadisəsi açılırsa, cinayət tərkibli məsələlərlə məşğul olan hüquq-mühafizə orqanları hörmətdən düşürlər. Eyn vaxtda daha öncə üstü açılan və ittiham verilən digər işlərdə çıxarılan qərarlar da şübhə altına düşür.

Baxırsan istintaqçıdır, amma işi araşdıra bilmir. İllərlə dərsə getməyib, amma məktəbi qırmızı diplomla bitirirlər. Hansısa məclisdə qarşılaşırsan, baxırsan ki, iki uzunqulağın arpasını bölə bilmir. Onlar peşəkardırsa, nəyə görə bağlanmış, xitam verilmiş cinayətin üstü Xoşqədəmin verlişində açılır? Həmin cinayətləri araşdıran müstəntiqləri məhşər ayağına çəkmək lazımdır, amma heç nə edilməyəcək. Çünki cəzalandırmaq istəyəndə görəcəklər ki, həmin istintaqı aparan müstəntiqin kirvəsi deputatdır, ya da dayısı filankəsdir, o da filan yerdə işləyir.
“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”
Başqa istintaqçılar da baxıb düşünəcəklər ki, “ona heç nə edilmədisə, mən də belə edərəm”. Çünki gedib o vəzifəni tutanlar, orqanlarda işləyənlər öz səriştələrinə görə yox, kiminsə “kürəkəni” olduğu üçün ordadılar”.

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi