O toyda Ziya Məmmədov da olub... – Səlim Müslümovu bitirən addım
2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən azad edildi. Həmin vaxt Müslümovla bağlı verilən bu qərar çoxları üçün gözlənilməz oldu. Çünki onun "vurulması" təxmin edilmirdi, baxmayaraq ki, rəhbərlik etdiyi nazirlikdə korrupsiya və rüşvət halları ilə bağlı iddialar, ittihamlar mətbuatın gündəmindən düşmürdü.
Sfera.az xəbər verir ki, Qaynarinfo-ya məlumatlı mənbədən daxil olan bir iddiaya görə, S.Müslümovun vəzifədən azad edilməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı məqam həlledici rol oynayıb. Belə ki, 2017-ci ilin dekabrında, yəni kreslosunu itirməmişdən cəmi 5 ay əvvəl keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri oğluna nişan mərasimi keçirib. Nişan mərasimi onun doğulduğu, dayısı Ənvər Seyidəliyevin icra başçısı olduğu Ağsu rayonundakı dəbdəbəli restoranda keçirilib.
Nişan mərasiminə bir çox nüfuzlu qonaqlar dəvət olunub, bu qonaqlar arasında sabiq "nəqliyyat şefi", həmin vaxt Ucar rayonunda, doğma kəndi Qazıqumlaqdakı mülkündə yaşayan Ziya Məmmədov da iştirak edib.
Kreslosundan yenicə uzaqlaşdırıldığı və hakimiyyət dairələrinin gözündən tamamilə düşdüyü həmin günlərdə Məmmədovun hələ də nazir olan Müslümov tərəfindən məclisə dəvət edilməsi bir çox vəzifəli qonaqların təəccübünə və narahatlığına səbəb olub. Onlardan bəzilərinin məhz bu səbəbdən nişan mərasimini erkən tərk etdiyi deyilir.
Müslümov isə bu barədə iradlara reaksiya verərkən Məmmədovu oğlunun nişan mərasiminə dəvət etməkdə qeyri-adi bir şey görmədiyini, onunla yaxın dost və ailəvi gediş-gəlişlərinin olduğunu bildirib.
Lakin bu Müslümova qarşı münasibətin dəyişməsinə əngəl olmayıb və onun vəzifəsindən kənarlaşdırılması üçün hökumətdəki rəqiblərinin əlinə yaxşı fürsət verib.
Bunun ardınca onun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki Sosial Müdafiə Fondunda aparılan yoxlamalar nəticəsində yüz milyonlarla manatlıq (bəzi KİV-lərin iddiasına görə hətta 2,5 milyard manatlıq) korrupsiya mexanizminin aşkarlandığına dair iddialar yayılıb. Beləliklə, Müslümovun "vurulması" tam qətiləşib.
Qeyd edək ki, bu ilin mayında Səlim Müslümov Ziya Məmmədovla bir yerdə görünmüşdülər. Sabiq nazirlər "Range Rover” markalı maşınla Heydər Məscidinə yas mərasiminə təşrif buyurarkən hətta kameraların hədəfinə tuş gəlmiş və birgə görüntüləri saytlarda yayılmışdı.
Onu da deyək ki, 2002-2017-ci illərdə nəqliyyat naziri işləmiş Z.Məmmədov hazırda işsizdir. S.Müslümov isə cəmi 5 il - 2013-2018-ci illərdə nazir olmuşdu, hazırda isə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllimdir.