Azərbaycanın Baş prokuroru olacaq Kamran Əliyev kimdir?
Azərbaycanın Baş prokuroru olacaq Kamran Əliyev kimdir?
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev kimdir?
Azia.az-n məlumatına görə, Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev 1965-ci il noyabr ayının 18-də Balakən rayonunda anadan olub.
1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib.
Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.
1993-cü ildə həmin İnstitutda dissertasiya işi müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.
06.08.2007-ci il tarixindən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
İngilis və rus dillərini sərbəst bilir.
K.Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğu Kollegiyasının üzvüdür. O həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Ailəlidir, iki övladı var
Milli Məclisə “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ daxil olub.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. Onun səlahiyyət müddəti aprelin 28-də bitib.
“Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti beş ildir.
Onu da qeyd edək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokurordur.